"İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsini hədəfləmişik. Bu, idarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub".
Oxu.Az-ın məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak bu gün keçirilən mətbuat konfransında deyib.
Aparat rəhbəri bildirib ki, turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması da qurumun iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır:
"Həmçinin "İçərişəhər"in büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi planlaşdırılır. Görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir.
Hazırda "İçərişəhər"də "Ağıllı Qoruq" modelinə keçid mümkündür" .
Samir Əli