Gündəlik tələbat məhsullarının dağıtımı şirkətlərindən olan “Aqro-vest DC” MMC Tovuz rayonunun düşmən hücumuna məruz qalan Ağdam kəndində 300 ailəyə ərzaq bağlaması paylayıb.
Son günlər Ermənistanın Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki təxribatları vəzifəsindən, mövqeyindən, məskunlaşdığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlını narahat edir. Belə ki, düşmənin artilleriya hücumları nəticəsində Tovuzun sərhədyanı kəndlərində yerləşən yaşayış evlərinə ziyan dəyib, eləcə də bir mülki vətəndaşımız, 12 hərbçimiz şəhid olub.
Bu günlərdə hər bir azərbaycanlı bacardığı qədər ölkəsinə, ordusuna, cəbhə bölgəsində hücuma məruz qalan insanlara dayaq olmalıdır.
“Aqro-vest DC” MMC şirkəti də Tovuz rayonunda düşmən hücumuna məruz qalan Ağdam kəndində yaşayan ailələrə dəstək məqsədilə Heydər Əliyev Fondunun Regional İctimai İnkişaf könüllüləri, Tovuz Rayon İcra Hakimiyyətinin əməkdaşları və Tovuz rayon Ağdam kənd İcra Nümayəndəliyi ilə birlikdə “Biz birlikdə güclüyük” devizi ilə 300 ailəyə ərzaq bağlaması (un, yağ, günəbaxan yağı, qarabaşaq, makaron, peçenye, konfet, halva, pendir, yoqurt, mayonez və s.) çatdırıb.
Şirkətin rəhbərliyi bildirib ki, onlar həmişə olduğu kimi, bu günlərdə də ölkələrinə ləyaqət və sədaqətlə xidmət edir, cənab Prezidentin fikir və amallarına sadiqdirlər: “Əgər cənab Prezident bu gün əmr edərsə, biz bir əsgər kimi döyüş meydanında da olmağa hazırıq. Təsadüfi deyil ki, şirkətimizin onlarla əməkdaşı səfərbərlik idarələrinə müraciət edirlər. Lakin cənab Prezidentin qeyd etdiyi kimi, bu gün Azərbaycanın güclü ordusu və güclü iqtisadiyyatı var. Biz anlayırıq ki, üzərimizə düşən vəzifə bu gün ölkəmizin inkişafı üçün əzmlə çalışmaq, əhaliyə yüksək xidmət göstərməkdir. Tovuz rayonundakı bu aksiyamızda məqsədimiz sadəcə bacı-qardaşlarımızı ziyarət etməkdir”.
“Aqro-vest DC” MMC şirkəti gündəlik tələbat məhsullarının idxalı və dağıtımı üzrə fəaliyyət göstərir. Şirkətdə 750 əməkdaş çalışır.