Fevralın 19-da Brüsseldə, Avropa Parlamentində “Azərbaycanda innovasiya və mobil kimlik: Avropaya rəqəmsal inteqrasiyanın yeni növü” mövzusunda konfrans keçirilib.
Oxu.Az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanda elektron hökumət sahəsində həyata keçirilmiş islahatlar və digər əlaqədar məsələlər müzakirə edilib.
Konfransın təşəbbüskarı Avropa Parlamentinin Estoniyadan olan deputatı Kristina Oyulanddır. Tədbiri giriş sözü ilə açan K.Oyuland Sovet İttifaqının dağılmasından sonra Estoniyada institusional sahədə islahatların yeni texnologiyalar üzərində aparılmasının faydalarını vurğulayıb. Bununla da, “Skype”ın vətəni Estoniyada elektron xidmətlər köhnə metodları üstələyib.
K.Oyuland deyib ki, ölkəsi Azərbaycanın da bənzər hədəflərə çatmasına yardım göstərsə də, sonradan “şagird müəllimini ötüb keçib”. O, “ASAN xidmət”in nailiyyətlərini alqışlayıb və bunun təkcə vətəndaşlar üçün deyil, həm də hökumət üçün faydalı olduğunu deyib. Xanım K.Oyuland fikrini onunla əsaslandırıb ki, mülki xidmətlərdə bürokratik əngəllərin aradan qaldırılması hakimiyyət orqanlarına əlavə xərclərdən yan keçməyə imkan verir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib ki, 2013-cü ildən etibarən “Asan İmza”nın istismara verilməsi və təhlükəsizlik sisteminin yaradılması istifadəçilərə mobil telefonları vasitəsilə rəqəmsal uyğunluğun müəyyənləşdirilməsinə imkan yaradıb. Azərbaycanda “Mobil İmza” vasitəsilə 300 mindən artıq rəqəmsal imza təqdim edilib, bir milyona yaxın əməliyyat həyata keçirilib. Bununla yanaşı, o, “ASAN imza” layihəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında daha səmərəli əlaqələrin qurulmasına verəcəyi töhfədən danışıb.
Konfransda “ASAN xidmət”in fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Azərbaycan Respublikası vergilər nazirinin müavini Sahib Ələkbərov 2005-ci ildən etibarən “elektron hökumət”in yaradılmağa başlandığını diqqətə çatdırıb. O, planlı təsərrüfat və sovet sistemi səbəbindən Azərbaycanda vergi mədəniyyətinin yeni olduğunu xatırladıb, müstəqilliyin ilk illərində əhalidə vergi mədəniyyətinin yaradılması və vergi qanunvericiliyinin hazırlanması kimi işlərin görüldüyünü bildirib. Bunun ardınca, elektron vergi sahəsində görülən işləri və bu sahədə beynəlxalq tərəfdaşların dəstəyini S.Ələkbərov iştirakçıların diqqətinə çatdırıb. O deyib ki, Avropa İttifaqının dəstəyi ilə elektron audit sistemi hazırlanıb.
Elektron vergi qeydiyyatı əvvəllər 2 ay çəkən vergi qeydiyyatının müddətini bir neçə dəqiqəyədək qısaldıb. Bütün bunlara görə Dünya Bankının “Doing Business” reytinqində Azərbaycan yuxarı yerlərdən birinə layiq görülüb. Sahib Ələkbərov “elektron hökumət” və “rəqəmsal imza” sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini də vurğulayıb.
Estoniyanın İqtisadi İşlər və Rabitə Nazirliyinin dövlət informasiya sistemləri və rabitə üzrə baş katibinin müavini Taavi Kotka Azərbaycan ilə rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıqdan məmnunluğunu bildirib. O, enerji üzrə də əməkdaşlığın qarşılıqlı maraq üzərində qurulduğunu və bunun bütün sahələrə tətbiq edildiyini deyib. T.Kotka yeni texnologiyaların və bu sahədə aparılan islahatların həm insanların həyatının yaxşılaşdırılmasında, həm də yeni iş və sərmayə yerlərinin, rəqəmsal bazarın yaradılmasında böyük rol oynadığını diqqətə çatdırıb.
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə vətəndaşlara göstərilən xidmətlərdə İKT-dən istifadənin zəruriliyindən danışıb və ölkəmizdə elektron xidmətlərin cari vəziyyəti ilə bağlı məlumat verib.
Avronest Parlament Assambleyasının həmsədri Yevgeni Kirilov və Avropa Parlamentində mühafizəkarlar və islahatçılar qrupunun başçısı Martin Kallanan mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Daha sonra ASAN Sertifikatlaşdırma Xidmət Mərkəzi və Estoniya Sertifikatlaşdırma Mərkəzi arasında Anlaşma Memorandumunun imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Respublikasının vergilər nazirinin müavini Sahib Ələkbərov və Estoniya Sertifikatlaşdırma Mərkəzinin icraçı direktoru Kalev Pihl iştirak ediblər.
Müzakirələr panelinin birinci hissəsi “Mobil kimlik: insanların ölkələrarası əlaqələndirməsi. Estoniya və Azərbaycanın mobil kimlik sistemlərinin əməkdaşlığı” mövzusuna həsr olunub.
Azərbaycan Vergilər Nazirliyinin Baş idarə rəisi Samirə Musayeva “ASAN imza” haqqında ətraflı məlumat verdikdən sonra mobil hökumətin “elektron hökumət” ideyasının növbəti mərhələsi olduğunu vurğulayıb. “ASAN İmza”nın hansı zərurətdən yarandığını, vətəndaşlara hansı rahatlığı gətirdiyini də S.Musayeva faktlarla izah edib. O, Vergilər Nazirliyinin “ASAN İmza”nı öz xidmətlərinə necə inteqrasiya etdiyini və buna bağlı digər xidmətləri də təqdim etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, mobil kimliyin gələcəkdə bütün sahələrdə tətbiq olunması qaçılmazdır.
“Signwise”ın yaradıcısı və icraçı direktoru Tiit Anmann “elektron imza”nın texniki tərəfləri barədə məlumat verib. O, “Signwise” iqtisadi və mülki sahədə oyunçuları necə əlaqələndirdiyini izah edib. Onun sözlərinə görə, növbəti elektron inqilab imza inqilabı olacaq.
“Gemalto Solutions” şirkətinin satış direktoru Remi Belluar Azərbaycana səfərinin təəssüratları barədə danışaraq, elektron sahədə əldə olunmuş nailiyyətləri təqdir etdiyini bildirib. Çıxışını satış və xidmət sahələrində rəqəmsal alətlərin inteqrasiyası barədə fikirlərlə davam edən natiq müxtəlif ölkələrdə elektron xidmətlərin necə həyata keçirildiyini müqayisəli şəkildə göstərib.
“Signwise”ın nümayəndəsi Liisi Yürgen Azərbaycan Elektron İmza Qanunu ilə Avropa İttifaqı Elektron İmza Direktivi arasında paralel müqayisələr aparıb.
“Elektron hökumət”lə bağlı ikinci müzakirə panelində isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məsləhətçisi İsbəndiyar Əliyev “elektron hökumət”in cari vəziyyəti ilə bağlı məlumat verib. “ASAN xidmət”in şöbə müdiri Azad Cəfərli təmsil etdiyi qurumun fəaliyyətini insan hüquqları kontekstində şərh edib.
Bundan əlavə, “Cybernetica”nı təmsil edən Arne Ansper ölkələrarası əməkdaşlıqdan, Vergilər Nazirliyinin Baş idarə rəisi İlkin Vəliyev elektron vergi sistemlərində şəffaflıqdan, Avropa İnnovasiya və Texnologiya İnstitutunun idarə heyətinin üzvü Linnar Viik isə əməkdaşlığın perspektivlərindən söhbət açıb. L.Viik, həmçinin tədbirlə bağlı yekun şərhlər verib.