Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ayağını qəbrinə görə uzat və ya dəfn xərcləri artırılacaqmı? - AÇIQLAMA + FOTO
“Dəfn pullarının miqdarı artırılmalıdır”.
Bunu Milli Məclisin ötən gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, verilən dəfn puluna qəbiristanlıqdan heç 10 sm yer almaq mümkün deyil:
“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən pul Bakı şəhərində dəfnin heç ondabirini qarşılamır”.
Bu məsələnin gündəmə gətirilməsi hər kəs tərəfindən maraqla qarşılanıb. Bir çoxları bu təklifin doğru olduğunu düşünürlər. Bir qisim isə əksini.
Bəs görəsən, dəfn pulları artırılacaqmı?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədovun sözlərinə görə, dəfn pulunun miqdarına yenidən baxılmalıdır:
“Əvvəlki dövrlərdə bu məsələyə mən də bir neçə dəfə toxunmuşam. Hesab edirəm ki, hazırda vətəndaşlara verilən dəfn pulunun miqdarına yenidən baxmalıyıq. Məbləğ dəfn üçün yetərli deyil. Bununla bağlı çoxsaylı vətəndaş müraciətləri də var. Bu səbəbdən düşünürəm ki, dəfn pulunun artırılmasına ehtiyac var. Yəni ən azından, mövcud imkanlar daxilində müəyyən məbləğə qaldırılması daha yaxşı olardı.
Əlbəttə, birdən-birə məbləğ çox artırıla bilməz. Əslində, bu gün dəfn 10 000, 20 000, 30 000 min manata da başa gələ bilir. Vətəndaşlara dəstək üçün az da olsa, bu məbləğ qaldırıla bilər”.
C.Məmmədov bu gün ölkəmizdə yas mərasimlərinin dini qaydalara tam uyğun şəkildə həyata keçirilmədiyini vurğulayıb:
“Bu özünü açıq şəkildə bir çox məsələlərdə göstərir. Bu gün yaslarda israfçılıq baş alıb gedir. Mərasimlərin təşkili dinə uyğun deyil. Yəni din yas mərasimlərində israfçılığı, bahalı materiallardan qəbirdaşlarının hazırlanması qəbul etmir.
Sırf dini qaydalara əməl olunsa, mən hesab edirəm, məbləğ xeyli azala bilər. Amma bu gün dini qaydalara əməl olunmadığına görə problem yaşanır. İnsanlarımız buna əməl etsəydilər, bu gün vəziyyət bir az fərqli formada olardı”.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini hacı Fuad Nurullayev qeyd edib ki, dəfn ilə bağlı yardım fondu yaradılsa, daha yaxşı olardı:
“Dəfn bürosu olsaydı, həmin xərcləri o ödəyərdi. Bu, dünyanın əksər ölkələrində var. Lakin bizdə yoxdur. Olsa, məsələn, yaxını rəhmətə gedən şəxs icra hakimiyyətinə və bələdiyyəyə müraciət edəcəkdi. Bir neçə rayonda bu mövcuddur. Xeyriyyə fondu kimi yaradılıb. Ehtiyacı olanlara yardım edilir. Ancaq dəfn ilə bağlı xüsusi yardım bürosu yaradılsaydı, yaxşı olardı.
Dəfndə xərclər müxtəlifdir. Kimsə başdaşı qoyanda bizdən soruşmur. Öz istəyinə uyğun edir. Dinimiz deyir ki, israf etməyin. Allah israfı sevmir. Dəfn mərasimini bu gün hərə öz imkanına uyğun həyata keçirir”.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Fərmanına görə, 2023-cü ilin yanvarın 1-dən sonra vəfat edən şəxsə görə 500 manat məbləğində birdəfəlik müavinət ödənilir.
Lakin ölən şəxsin yaxınlarına təqdim edilən dəfn pulunun verilməsi, hətta məbləği ölüdən-ölüyə dəyişir. Doğumuna görə 500 manat məbləğində müavinət verilən insanlara ölümünə görə təyin edilən 500 manat heç verilməyə də bilər.
Çünki qanunvericiliyə görə, dəfn üçün müavinət sığortaolunan, əmək pensiyaçısı və ya sosial müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə verilir:
“Yaşa görə pensiya alan şəxs vəfat etdikdə dəfn xərcini üzərinə götürən şəxsə minimum əmək pensiyasının - 280 manatın üç misli, yəni 840 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa görə, əlilliyə görə sosial müavinət alan şəxslər, ailə başçısını itirməyə görə, habelə 1 iyul 2022-ci il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və hazırda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq kimi müavinət alan uşaqlar, sığortaolunan və işsizlikdən sığorta ödənişini alan şəxslər 2023-cü ilin yanvarın 1-dən sonra vəfat etdikdə isə 500 manat məbləğində birdəfəlik müavinət ödənilir.
Vəfat etmiş şəxs, eyni zamanda, həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.
İşləməyən, pensiya və sosial müavinət, eləcə də, işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.
Nəzrin Vahid
"Ceyhun Məmmədov" teqi üzrə xəbərlər
- "Sənəd dövründən sənət dövrünə keçirik" - Diplomsuzlar diplomlu kadrların haqqına girirlər?
- 1500-dən çox məktəb bağlanacaq? - NAZİRDƏN AÇIQLAMA
- Azərbaycanda müharibə iştirakçılarının qruplaşdırılması təklif olunur
- Deputat: "Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır"
- Deputat elmi dərəcələrə görə verilən vəsaitin artırılmasını təklif edib
Rəylər