“Azad olunmuş ərazilərdə yerləşən abidələr böyük fəlakətlə üzləşib”.
Oxu.Az xəbər verir ki, bunu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı üzrə Azərbaycan Respublikasının üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsi ilə bağlı keçirilən dördüncü dövr onlayn təqdimatda çıxışı zamanı qeyd edib.
Azad Cəfərli çıxışında Ermənistan Respublikasının Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində ölkəmizin humanitar, iqtisadi və mədəni irsin dağıdılması kimi böyük fəlakətlə üzləşməsi haqqında ətraflı məlumat verib.
O vurğulayıb ki, işğal nəticəsində tarixi abidələrin, mədəni irs obyektlərinin əksəriyyəti dağıdılaraq yer üzündən silinib.
Qeyd edək ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox abidənin böyük əksəriyyəti dağıntıya, vandalizmə və özününküləşdirməyə məruz qalıb.
Könül Cəfərli