Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında aparılan əsaslı təmir və bərpa işləri dayandırılıb.
Oxu.Az xəbər verir ki, 2022-ci il mayın 5-də başlanılan işlər, üç il keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb.
Qeyd edək ki, teatrın direktoru, Xalq artisti Yusif Eyvazov hələ 2023-cü il sentyabrın 18-də bildirmişdi ki, təmir işləri bir ildən bir qədər çox vaxt alacaq. Amma görünən odur ki, proqnoz özünü doğrultmayıb.
Teatrın binasında aparılan təmir işləri ilə əlaqədar opera tamaşaları Bakı Musiqi Akademiyasının Opera studiyasının, balet tamaşaları isə Heydər Əliyev Sarayının səhnəsində nümayiş etdirilib.
Ən son təmir işləri isə 1987-88-ci illərdə aparılıb.
Təmir işlərinin dayandırılma səbəbini və nə vaxt başa çatacağını öyrənmək məqsədilə Mədəniyyət Nazirliyinə, eləcə də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına sorğu göndərilsə də, hələ ki cavab almaq mümkün olmayıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb. Cəmi 10 ay ərzində - 1910-11-ci illərdə memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb.
1928-ci ildə teatra dahi dramaturq Mirzə Fətəli Axundovun adı verilib. Sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır.
Aygün Mirakif
Video: Əqdəm Qasımov