"Bu gün Azərbaycan musiqi mədəniyyətinin önəmli simalarından birini, bizim tanınmış bəstəkarımız, bəstəkarlar nəslinin, mən deyərdim ki, ağsaqqalı olan gözəl bir insanı itirmişik. Onunla vidalaşırıq".
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Tofiq Bakıxanovun vida mərasimində jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Eyyub Quliyev deyib.
O bildirib ki, Tofiq Bakıxanov "qızıl dövr" bəstəkarların son nümayəndəsi idi:
"Həqiqətən, bizim üçün ağırdır, danışmaq çətindir, çünki Tofiq müəllim həyatının sonuna qədər Azərbaycan musiqisinin, mədəniyyətinin inkişafı üçün, Azərbaycan bəstəkarlıq, musiqi ədəbiyyatının genişlənməsi üçün çox çalışırdı. Xəstə olmasına baxmayaraq, mən bildiyimə görə, yaradıcılığını davam eləyirdi, əsərlərini yazırdı. Mən deyərdim, bəlkə bəstəkarlar sırasında ən məhsuldar bizim yaradıcı insanlarımızdan biri idi.
Onlarla əsərləri indi də bizim musiqiçilərin repertuarındadır. Simfonik orkestr üçün, instrumental, qərb alətləri, milli alət, tarımız üçün və digər alətlər üçün yazdığı əsərlər, mənə elə gəlir ki, Azərbaycan musiqisinin qızıl fonduna daxil olunub. Onun əsərləri dünyanın bir çox ölkələrində indi də çalınır. Onun yeri hiss olunacaq.
Bizim üçün həqiqətən də bir itkidir, böyük bir itkidir".