"Atam çox zəhmətkeş, olduqca işgüzar idi. Son nəfəsinə qədər sutkada 24 saat çalışırdı".
Oxu.Az xəbər verir ki, bu sözləri Xalq artisti Tofiq Bakıxanovun vida mərasimində jurnalistlərə açıqlamasında oğlu Vahid Bakıxanov deyib.
O bildirib ki, Tofiq Bakıxanov Azərbaycan mədəniyyətinin, Azərbaycan musiqisinin fəal təbliğatçılarından biri idi:
"Tofiq Bakıxanov öz müəllimlərinin adını - Üzeyir Hacıbəyovun, Qara Qarayevin adını yaşadardı. İnanın mənə ki, az qala evdə də onların rəsmi ilə olan nişanları taxıb gəzən bir insan idi. Yəni öz işinin, musiqimizin fanatı idi, əsl fanat. Tofiq müəllim görkəmli Bakıxanovlar nəslinin bir davamçısı idi, Əhməd Bakıxanovun oğlu idi. Atam çox gözəl və xoşbəxt bir həyat yaşayıb. Həyat müvəqqəti bir prosesdir, amma əsas məsələ özümüzdən sonra qoyduğumuz izdir. Tofiq müəllim isə çox böyük bir iz qoyub. Allah ona və cəmi dünyada köçənlərə qəni-qəni rəhmət eləsin".
Onun sözlərinə görə, Tofiq Bakıxanov son vaxtlar çalışırdı ki, müəyyən əsərlər, əlyazmalar mütləq şəkildə bizim kitabxanalarımızın fondunda olsun:
"Daima işlədiyi Nizami muzeyi, Axundov kitabxanası və digər kitabxanalarla çox sıx ünsiyyətdə idi. Yəni evdə hətta onu da deyim ki, unikal partituraları, əlyazmaları var idi, olduqca maraqlı, heç yerdə olmayan kitablara sahib idi. Həyat, ömür sonsuz deyil. Çalışırdı əlindən gələni eləsin ki, həmin bu ədəbiyyatı, bu materialları ictimaiyyətə kitabxanalar və digər vasitələrlə çatdırsın.
Yeri gəlmişkən, keçən il bildiyiniz kimi Tofiq müəllimin 95 illiyi oldu. Ölkə rəhbəri İlham Əliyev onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif elədi. Bildiyimə görə, Tofiq müəllim ölkədə həmin mükafata layiq bilinən 4-cü şəxs idi. Mən bunu nəyə görə qeyd edirəm - inanın mənə, Tofiq müəllimin həyatında bu mühüm hadisə ona növbəti bir stimul oldu. Yəni 95 yaşında təsəvvür eləyin ki, insan növbəti bir motivasiya alır, növbəti bir stimul olur. Yəni Tofiq müəllim həm özü ruhlanırdı, motivasiya ala bilirdi, digər tərəfdən də həm bizə, dostlara və əsasən də tələbələrinə güclü motivasiya verən bir insan idi".