“Google Glass” layihəsinin təsisçisi kimi tanınan Azərbaycan köklü Amerika professoru Babək Əmir Pərviz şirkəti tərk edib. “Google” şirkətindən gedişi barədə dostlarına “status: super excited! :)” yazısı ilə xəbərdarlıq edib.
Oxu.Az Biznesinfo.az-a istinadən bildirir ki, öz statusundan sonra Babək Pərviz “Amazon”un loqotipini yerləşdirdiyi üçün onun yeni iş yerini müəyyən etmək çətin olmayıb.
Yenə də “Google Glass” yaradıcısının o biri şirkətdə hansı vəzifələri icra edəcəyi bəlli deyil. Ehtimal edilir ki, professor “Amazon” smartfonunun – “Fire Phone”nun yeni versiyasının hazırlanmasında iştirak edəcək. O, bir neçə kamerdan ibarətdir, bu isə istifadəçinin və qurğunun izlənməsini təmin edir. Quraşdırılmış soft ətrafdakı əşyaları tanımağa və onları ən böyük internet mağazadan almaq imkanı verir.
“Google X” perspektivli işlənmələr bölməsində rəhbər vəzifələrdən birini tutan B.Pərvizin “Google”dan getməsi hamı üçün gözlənilməz oldu. İş ondadır ki, hələ bir həftə bundan öncə o, “Wearable Technologies” konfransında iştirak edib, çıxışı zamanı da getməyinə işarə olacaq bir şey olmayıb. Amma proqnozlarında tam bir konservator kimi çıxış edib. “Düşünürəm ki, 15 il də vaxt keçəcək ki, insanlar başlarında buna bənzər bir şey daşısınlar” deyə bəyan edib.
“Google Glass” layihəsinin təsisçisi o zaman qeyd edib ki, aksesuarın əsas vəzifələrindən biri məlumatın axtarılmasına və oxunmasına sərf edilən zamanın bir neçə saniyə qədər azaldılması lazımdır. Amma o, bazara çıxarılana qədər qurğunu gəzdirmək üçün daha rahat istifadə edilməsini təklif etmişdi. Bundan başqa onun enerji tükətməsini də azaltmaq lazım idi.
Bununla yanaşı “Google” şirkətinin təsisçilərindən biri Sergey Brin, əksinə, bəyan etmişdi ki, “Glass” artıq 2014-cü ildə satışa çıxarıla bilər. “Wearable Technologies” konfransında iştirakdan sonra B.Pərviz “Google Glass” layihəsinin rəhbər mövqeyindən imtina edərək bu yeri geyim istehsalı ilə məşğul olan “Old Navy” və “Gap” şirkətlərində marketinq üzrə direktor vəzifəsini tutan Ayvi Ross üçün boşaldıb. Amerika mətbuatında çıxan məlumata görə “Google Glass” layihəsi üzərində B.Pərviz artıq keçən ilin dekabr ayından çalışmır.
Babək Pərvizin gedişi “Glass” layihəsində rəhbərlərdən birinin getməsi ilə bağlı yeganə hal deyil. May ayında komandadan aparıcı mühəndis Adrian Vonq gedib, və “Facebook”da virtual dəbilqə “Oculus VR” üzərində işə başlayıb.
Babək Pərviz 1973-cü ildə Tehranda anadan olub. İlk ali təhsilini də orada texniki universitetdə alıb. Onun əslən Ərdəbildən olan ulu babası milliyyətcə azərbaycanlıdır. Təhsili üzrə mühəndis-elektrotexnik olan B.Pərviz sonradan Vaşinqton Universitetlərində biokimyəvi tədqiqatlarda ixtisaslaşıb. Amma ilk elmi dərəcələrini azərbaycanlı alim Miçiqan universitetində alıb. 2000-2001-ci illərdə o “Nanovation Technologies Inc” qurğusunun layihələşdiricisi və inteqrasiyalı optik keçiricilərin meneceri olub. Bundan sonra professor Harvard Universitetində biokimyəvi tədqiqatlarla məşğul olub. 2003-cü ildən Vaşinqton Universitetində dərs deməyə başlayıb, hal-hazırda həmin universitetdə elmi mərkəzin direktor müavinidir. Elmi fəaliyyəti sayəsində B.Pərviz çoxsaylı mükafatlar alıb, o cümlədən “NSF CAREER Award”, “MIT Technology Review's TR35”, mükafatlarını, “Nokia Foundation” mükafatını və ən yaxşı ixtiraya görə “Time” jurnalının mükafatına layiq görülüb. O, Amerika kimyaçılar cəmiyyətinin, ABŞ-da Elmin İnkişafı Assosiasiyasının, oftalmologiya tədqiqatları üzrə təşkilatın üzvü, eləcə də Amerika Nano-Tibb Akademiyasının təsisçisidir.
2010-cu ildə “Google” onu işə dəvət edib. Qeyd etmək lazımdır ki, “Glass”ın relizinə qədər layihə üç il müddətində gizli saxlanılıb. B.Pərviz özü isə on illər boyu optoelektron sistemlərinin tədqiqatı ilə məşğul olub.
Xatırladaq ki, “Google Glass” smartfonlar üçün “Android” bazasında hazırlanmış xüsusi qurğudur. Qurğuda şəffaf displeydən istifadə edilib, o istifadəçinin başına bərkidilir (HMD — head-mounted display), və sağ gözdən bir qədər yuxarıda qalır, bu, həm də yüksək keyfiyyətli çəkiliş aparan kameradır.