İyulun 12-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanının nəticələri açıqlanıb.
Oxu.Az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, abituriyentlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 52 binada həyata keçirilib.
İmtahanda iştirak etmək üçün sənəd vermiş 28962 (21835 nəfər I qrup üzrə, 7127 nəfər qrup üzrə) abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 27735 abituriyentdən 28 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə 12319, IV ixtisas qrupu üzrə 3022 nəfər müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
I ixtisas qrupu üzrə 5 nəfər, IV ixtisas qrupu üzrə 2 nəfər maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.