Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan memarlığında saxta titul iddiasına cavab: "Heç baxmıram, baxmaq da istəmirəm"
Bakı Abadlıq Xidmətinin baş memarı, memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev özünün "Facebook" hesabında paylaşım edərək Beynəlxalq Memarlıq Akademiyasına (IAA) birbaşa üzv ola bilməyən Azərbaycan memarlarının Rusiya bölməsinin yerli şöbəsi vasitəsilə saxta titullar əldə etdiklərini iddia edib. O bildirib ki, 2015-ci ildən Azərbaycan IAA-nın Rusiya bölməsinin yerli "Akademik Mərkəzi"nin üzvüdür:
"O, Memarlar İttifaqının hazırkı sədri tərəfindən yaradılıb və o özü həmin təşkilata rəhbərlik edir".
E.Əliyevin sözlərinə görə, Azərbaycan memarları birbaşa IAA-ya üzv ola bilmədikləri halda, Moskva vasitəsilə müəyyən rüşvət və saxta prosedurlar hesabına titullar alırlar.
Memarın fikrincə, bu isə ölkənin real memarlıq nüfuzunun inkişafına yox, sadəcə, müəyyən şəxslərin şəxsi maraqlarına xidmət edir. E.Əliyevin iddiasına görə, bu yolla Rusiyaya müəyyən üzvlük haqları ödənilir, nəticədə Azərbaycan memarlığı beynəlxalq səviyyədə real nüfuz qazanmır.
Oxu.Az səsləndirilən iddialarla bağlı Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə ilə əlaqə saxlayıb.
Sədr səsləndirilən iddialara münasibət bildirmək istəmədiyini deyib:
"Həmin paylaşımı görmürəm, heç baxmıram, baxmaq da istəmirəm. Mənim heç bir münasibətim yoxdur, elə bir adam tanımıram".
Qeyd edək ki, Elçin Əliyev 2012-17-ci illərdə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədr müavini olub. Elbay Qasımzadə isə 2012-ci ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri vəzifəsində çalışır.
Aləmdə Nəsib