Pew Research Center (Pew Tədqiqat Mərkəzi) tərəfindən həyata keçirilən tədqiqata əsasən dünyada müsəlmanların əksəriyyəti ölkələrinin şəriət qanunu ilə idarə olunmasını istəyir.
Tədqiqata əsasən Azərbaycanda ənənəvi islam qanununu istəyənlər əhalinin 8 faizini təşkil edir. Bu, tədqiq olunan ölkələr arasında ən aşağı rəqəmdir. Ən yüksək faizlik isə Əfqanıstana məxsusdur. Bu ölkədə əhalinin 99 faizi şəriət qanunu istəyir.
Modern.az saytı “BBC Azərbaycanca”ya istinadən bildirir ki, 2008 və 2012-ci illər arasında aparılan, "Dünyanın Müsəlmanları: Din, Siyasət və Cəmiyyət" adlı tədqiqat dünyanın müsəlman icmasından 39 ölkə və ərazini, 38 000 adamı tədqiq edib.
Tədqiqata əsasən dünya müsəlmanlarının əksəriyyəti fahişəlik, homoseksuallıq və intihar kimi əməlləri amoral dəyərləndirsələr də, poliqamiya (çoxnikahlılıq), boşanma və doğumu tənzimləmə tədbirləri müsəlmanlar arasında mübahisəli mövzulardırlar.
Bazar ertəsi nəşr olunan tədqiqatda deyilir ki, Azərbaycanda müsəlmanların 51 faizi demokratiya, 41 faizi isə “güclü lider” istəyir.
Siyasət kateqoriyasında digər suallardan, Azərbaycan müsəlmanlarının 27 faizi hesab edir ki, islam siyasi partiyaları digər partiyalardan pisdir. Pew Research Center-a əsasən bu, bir çox digər ölkənin müsəlmanlarının fikirlərinə ziddir.
Azərbaycanda müsəlmanların 88 faizi mənəviyyatlı insan olmaq üçün Allaha inanmağın zəruri olduğunu desə də, dinlərarası nikahı qəbul edənlərin sayı, tədqiq edilən ölkələr arasında ən aşağıdır. Bizim ölkədə sorğu olunanların yalnız 8 faizi oğlunun, 3 faizi isə qızının digər dinin nümayəndəsilə evlənməsini qəbul edir.
Azərbaycan həmçinin aborta ən tolerant yanaşan ölkə kimi göstərilib. Azərbaycandakı müsəlmanların yalnız 23 faizi deyib ki, abort etmək amoraldır, 50 faizinin fikrincə isə bu, “vəziyyətdən asılıdır”.
Ölkələrin əksəriyyətində, sorğuda iştirak edənlərin çoxluğu deyib ki, qadın ərinə itaət etməlidir. Eyni zamanda əksəriyyət o cümlədən azərbaycanlı müsəlmanların 81 faizi deyib ki, qadın hicabı geyinmək haqqında qərarı özü verməlidir.
İslam naminə zorakılıq həmçinin çoxluq tərəfindən rədd edilib. Azərbaycanda müsəlmanların 1 faizi deyir ki, bəzi hallarda özünü partladan terrorçu kamikadze haqlı ola bilər.
www.modern.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin