Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan qlobal xəritədə - "Time" jurnalının dünyanın ən yaxşı məkanları siyahısında
Azərbaycanın "CHELEBİ" incəsənət məkanı dizaynına görə dünyanın ən yaxşıları siyahısına düşüb. Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan "Time" jurnalı Bakıdakı "CHELEBI" adlı incəsənət məkanını "The World's Greatest Places 2025" adlı illik reytinqinə daxil edib - bu, dünya üzrə görülməsi mütləq olan unikal məkanların siyahısıdır. Tropik adalar, qabaqcıl muzeylər və qastronomiya paytaxtları ilə yanaşı, qədim irsə ehtiram və müasir sənət dili ilə yaradılmış Bakıdan çıxmış yaradıcı bir məkan.
Oxu.Az xəbər verir ki, "CHELEBI" layihəsi 2013-cü ildə rəssam Aida Mahmudova tərəfindən təsis edilib. Layihənin fəlsəfəsi Azərbaycanın mədəni irsinin predmet dizaynı vasitəsilə yenidən düşünülməsi və təqdim olunmasıdır. Şəhərin mərkəzində, "Port Baku" Ticarət Mərkəzinin yaxınlığında yerləşən bu işıqlı və geniş məkanda qədim formalara və naxışlara yeni nəfəs verən kolleksiyalar ərsəyə gəlir.
"Time" redaksiyası vurğulayır ki, adətən Azərbaycan tətbiqi sənəti deyildikdə ağıla xalçalar gəlir. Lakin "CHELEBI" bu təsəvvürü daha da genişləndirir, Azərbaycanın vizual kodunun nə qədər zəngin və çoxqatlı olduğunu nümayiş etdirir. Burada diqqət mərkəzində müəllif işi olan mebel, tekstil, keramika kolleksiyaları dayanır - onlar yerli qalalar və məscidlərin memarlığından, arxeoloji tapıntılardan, folklordan və XX əsr qrafikasından ilham alıb.
Bu əşyaların hər biri ustalar və rəssamlarla sıx əməkdaşlığın, muzeylərlə birgə işin və dərin tədqiqat prosesinin nəticəsidir. "Time" qeyd edir ki, məhz bu cür yanaşma "CHELEBI" məkanını sənətkarlığa yeni baxışın simvoluna çevirir - burada keçmiş unudulmur, əksinə, müasir ifadəyə ilham verir.
"CHELEBI"nin "Time"ın siyahısına düşməsi təkcə bir brendin beynəlxalq səviyyədə tanınması deyil. Bu, bütöv bir ölkənin, onun mədəni kodunun, kiçik biznesin gücünün və ideyaları gerçəyə çevirən insanların uğurunun təsdiqidir. Bu, qürur üçün səbəbdir - Azərbaycanın qlobal dizayn səhnəsində özünəməxsus, inamlı və parlaq səsinin olduğunu göstərən bir göstəricidir.
https://time.com/collections/worlds-greatest-places-2025/7263122/chelebi/
Aqil Vəlili