Bu gün dünyanın ən aparıcı ölkələrindən biri də Azərbaycandır. Sürətlə inkişaf edən ölkəmiz siyasi müstəvidə qazandığı uğurları ilə regionda ən güclü və nümunəvi dövlətdir. Ulu öndər Heydər Əliyevdən sonra məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə böyük nüfuzu sayəsində Azərbaycan dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirməyə davam edir.
Hər bir xalqın özünəməxsus ənənələri, tarixi, mədəniyyəti, dəyərləri, adəti, milli xüsusiyyətləri var ki, bütün çətinliklərə rəğmən bu dəyərlərə sahib çıxmaq lazımdır. Azərbaycan müəyyən səbəblərdən 70 il sovet Rusiyasının işğalı altında qalsa da, xalqımız öz kimliyini unutmamış, müstəqillik əldə edənə qədər bütün çətinliklərlə mübarizə apararaq milli ideologiyamızı qorumuşdur.
Xalqımızı birləşdirən məhz milli ideologiyadır. Milli ideologiyamız olan azərbaycançılıq ölkədə kimliyindən asılı olmayaraq, bütün fərqli etnikləri bir araya gətirməyə qadirdir. Sağlam təməllərə söykənən azərbaycançılıq ideologiyası bu gün də barışdırıcı, sülh və həmrəylik missiyasını təbliğ etməyə davam edir.
Azərbaycançılıq ideyası coğrafi anlayış deyil, sərhədsiz və çox mühüm taleyüklü məsələləri özündə birləşdirən dəyərdir. Ötən 15 il ərzində dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz bir-birinin ardınca böyük uğurlar qazanıb. Azərbaycanın böyük uğurlarının fövqündə Prezident İlham Əliyevin modernləşməsi siyasəti dayanır. Azərbaycan bu gün çox sürətlə hərtərəfli inkişaf edərək pozitiv dünya proseslərinə inteqrasiya etməkdədir. Müasir dövrdə inteqrasiya prosesi çoxtərəfli olması və mürəkkəbliyi ilə səciyyələnir. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev inteqrasiya siyasətini həyata keçirərkən bütün zəruri məqamları, digər dövlətlərin əvvəllər buraxdığı nöqsanları diqqətdə saxlayaraq, ölkənin sivil dövlətlərə çatması, mədəniyyətlərarası dialoqun axtarışı istiqamətində daha səmərəli üsullardan istifadə prinsiplərini hədəf seçib. Bunun nəticəsidir ki, Azərbaycan qısa müddətdə dünya sivilizasiyaları sistemində modern olmaqla yanaşı, özünəməxsus ənənələrin, ideologiyaların da yüksək səviyyədə qorunduğu nümunəvi bir məkana çevrilib. Azərbaycançılıq bu gün ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirən ən möhkəm ideyadır. Azərbaycançılıq ideyasının kökündə vətəndaşlıq anlayışı dayanır. Ona görə də ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.
Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Lakin azərbaycançılıq Azərbaycan ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Azərbaycançılığın mahiyyəti ilə bağlı ümummilli liderimiz Heydər Əliyevin bir fikrini heç vaxt unutmaq olmaz. Ulu öndər Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında demişdir: “Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər”. Bütün bu illər ərzində ümummilli liderimizin azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi-sosial dövlətin möhkəmlənməsinə xidmət edərək bu günə qədər öz mahiyyətini qoruyub saxlamışdır. Azərbaycanda son illərdə sosial-iqtisadi sahədə baş vermiş güclü sıçrayış cəmiyyət həyatının bütün sahələrinə müsbət təsir göstərmiş, ictimai-siyasi proseslərin sağlam istiqamətdə davam etməsinə təkan vermişdir. Respublikamızda siyasi plüralizm, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyətinin inkişafına geniş şəraitin yaradılması demokratiya yolu ilə inamla addımladığımızın sübutudur.
Azərbaycançılıq ideologiyası necə təbliğ olunur?
Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. İndi Azərbaycan diasporu kifayət qədər inkişaf edib, müxtəlif mədəniyyət mərkəzləri yaradılıb ki, onlar da Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin dünyada tanınmasında, müstəqil Azərbaycan ideallarının beynəlxalq səviyyədə müdafiəsində müəyyən xidmətlər göstərirlər. Azərbaycançılıq ideologiyası maarifçilik yolu ilə, eləcə də tarixi əsaslandırma, təşkilatlandırma istiqamətlərində təbliğ edilir. Bu istiqamətdə çoxsaylı maarifləndirmə işləri görülür, silsilə yazılar yazılır. Tarixi kökləri qədim olan bu məfkurə türkçülükdən ayrılmır. Azərbaycançılıq xalqın milli-mənəvi varlığının ilkin əlamətləri, xalqın kimliyini əks etdirən təfəkkür, adət və inanclar sistemidir. Dövlətin tarixi varlığının ən əsas atributlarını - dil, ərazi, din və ideoloji birlik anlayışlarını özündə birləşdirən bu ideologiyanın təbliğinə böyük diqqət ayırmaq lazımdır.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqovun sözlərinə görə, Azərbaycanı dünyada müasir, dinamik, demokratik, inkişaf edən, öz mədəniyyətinə və tarixinə bağlı olan xalq, dövlət kimi tanıyırlar:
“Müasir dünyada multikulturalizm təkcə mədəni sahələri deyil, həmçinin siyasi həyatı da əhatə edir, ölkənin ümumi dövlət siyasətinin inkişafında kifayət qədər mühüm rol oynayır. Bu gün ölkə başçımızın uğurlu ideya siyasəti nəticəsində Azərbaycan Respublikası ənənəvi və modern multikulturalizm ölkəsinə çevrilib. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi ili”nin elan edilməsində məqsəd isə yalnız müsəlman ölkələrini həmrəyliyə çağırmaq deyil, eyni zamanda, dünyanın bəzi dairələrindən müsəlman xalqlarına qarşı təhdidlərə son qoymağa, sivilizasiyaları dialoqa səsləmək idi. Ötən ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunması həm də böyüməkdə olan yeni nəslin vətənpərvərlik ideallarının möhkəmlənməsi və azərbaycançılıq ideyasının zaman kontekstində bağlılığı, innovativliyi istəklərini ehtiva edir”.
Azərbaycançılıq ideologiyasını sərhədlər məhdudlaşdıra bilməz.
Azərbaycanın ən mühüm dəyərlərinin əks olunduğu bu ideologiya respublika sərhədləri daxilində təbliğ olunmaqla yanaşı, ölkə sərhədlərindən kənarda yaşayan həmvətənlilərimiz tərəfindən də təbliğ edilir. Bir çox xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasında isə təbii ki, Azərbaycan diasporunun gördüyü işlər danılmazdır. 90-cı illərdən başlayaraq ümummilli lider Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların birləşməsi və birlikdə daha güclü qüvvəyə çevrilməsi, onların doğma vətənləri ilə əlaqələrinin daha da möhkəmlənməsi istiqamətində zəruri addımların atılmasını prioritet məsələ kimi ortaya qoymuşdur. Cənubi Azərbaycandakı soydaşlarımız da bu istiqamətdə əllərindən gələni edir, dilimizin təbliğatına çalışırlar. Xalqımızın çoxsaylı ziyalıları, yazıçı və şairləri, alimləri, tədqiqatçılar bu ideologiyanın tarixi haqqında silsilə yazılar yazmaqla, tədbirlər keçirməklə bu məfkurənin qorunub saxlanılmasına öz töhfələrini verirlər. Azərbaycançılıq ideologiyasının tarixi, dünəni, bu günü və gələcəyi xalqımızın, Vətənini sevən hər bir vətəndaşın əlindədir. Kim özünü azərbaycanlı hiss edirsə, o, azərbaycanlı sayıla bilər. İnsanların şüuruna hakim kəsilən milli ideya millətin rifahının yaxşılaşdırılmasına nail olmalıdır. Bu gün də həmin prioritet məsələlər gündəmdə saxlanılır və Azərbaycan diasporunun fəaliyyətləri ötən illərlə müqayisədə olduqca artıb. Güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağı deməkdir.
Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər isə bu istiqamətdə mədəniyyətimizin, tariximizin təbliğinə böyük töhfə verir. Ölkəmiz olduqca zəngin, mədəni irsə malikdir. Bütün bunların beynəlxalq səviyyədə layiqincə təqdim olunması isə Azərbaycanın dünya ölkələri içərisində tutduğu yerin daha da möhkəmlənməsinə, ölkəmizin daha da qüvvətlənməsinə təkan verir. Eynilə Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva da azərbaycançılıq ideologiyasının təbliği istiqamətində çoxsaylı layihələr gerçəkləşdirib.
Azərbaycançılıq ideologiyası dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları eyni mənəviyyat altında birləşdirən güclü zəncirdir. Xarici qüvvələrin azərbaycanlıları müxtəlif təxribatlarla bir-birinə düşmən etmək, bu ideologiyanı məhv etmək cəhdləri illərdir boşa çıxıb. Azərbaycan cəmiyyətinin fikrini yönləndirməyə cəhdlər edilib. Bu məqsədlə Qərb dairələri dini və etnik ayrı-seçkilik yaratmağa çalışır, vəsait ayırır, ölkədə vəziyyəti gərginləşdirməyə çalışırlar. Lakin bugünkü güclü Azərbaycan dövlətinin varlığı onu deməyə əsas verir ki, bütün bu cəhdlərin hər biri nəticəsiz qalıb. Bundan sonra da xalqımız öz ideologiyası ətrafında birləşəcək və bu istiqamətdə digər dövlətlərə nümunə olacaq irimiqyaslı layihələrdə iştirak etməyə davam edəcək.
Hər bir azərbaycanlı üçün Azərbaycanın maraqları ən əsas prioritet məsələ olmalıdır.
Bu gün ölkədə həmvətənlilərimiz tərəfindən qurulan müxtəlif qeyri-hökumət təşkilatları (QHT), ictimai birliklər, fondlar fəaliyyət göstərir. Onların hər biri azərbaycançılıq ideologiyasının cəmiyyətdə bərqərar olmasına çalışır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda uzun illərdir daxili sabitlik, sülh və əmin-amanlıq hökm sürür. Diqqət etsək görərik ki, Azərbaycandan fərqli olaraq qonşu ölkələrdə vətəndaş müharibələri, kütləvi iğtişaşlar və qarşıdurmalar səngimək bilmir. Bu onların xalq olaraq ideologiyalarının o qədər də möhkəm olmadığını sübut edir. Azərbaycan cəmiyyəti isə bu və bənzər təhlükələrdən, iğtişaşlardan sığortalanıb. Çünki Azərbaycanda sabitlik tam təmin olunub.
Bəzi ictimai xadimlər ölkə əhalisinin siyasi mövqeyini formalaşdırmaq üçün silsilə tədbirlər həyata keçirən çoxsaylı KİV və QHT-lərin xidmətlərinə dəstək verirlər. Yəni hər hansı məsələyə münasibətdə Azərbaycanın maraqları hər zaman ön plana çıxarılır. Azərbaycanın öz milli, mədəni, mənəvi dəyərləri əsasında, başqa sözlə, azərbaycançılıq ideologiyası əsasında inkişaf edəcəyi daim qeyd olunur. Xalqımız öz dəyərlərini qoruyub saxlamaqda nə dərəcədə güclü, iradəli və əzmli olduğunu sübut edib. Bir sözlə, dövlət və cəmiyyətin bu istiqamətdə fikri ortaqdır və belə olan halda Azərbaycanı nə daxildən, nə də xaricdən sarsıtmaq, onun ideologiyasına mənfi təsir göstərmək mümkündür.
Könül Cəfərli
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.