“Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 6 191 nəfərə amnistiya aktı tətbiq edilib”.
Bunu “Report”un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
O bildirib ki, probasiya qurumlarının Baş Prokurorluqla razılaşdırılmış qərarları ilə 3 556, məhkəməyə verilən 4 024 təqdimat əsasında bu günə qədər 2 635 məhkum haqqında amnistiya aktı tətbiq edilib: “Onlardan 506 nəfər qadın, 20 nəfər yetkinlik yaşına çatmayan, altı nəfər əcnəbi, 243 nəfər 60 yaşına çatmış, altı nəfər Vətən müharibəsində iştirak etmiş məhkumlardır”.
“Amnistiya tətbiq olunan şəxslərdən 2 457 nəfər islah işləri, 77 nəfər isə ictimai işlər cəzasından azad edilmiş məhkumlardır. Cərimə cəzasından azad edilən 1 022 məhkum 1 milyon 220 min manatdan artıq vəsaiti dövlət büdcəsinə ödəməkdən azad edilib. Bundan əlavə, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb, 1 075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb”, - xidmət rəisi vurğulayıb.