Masallı rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 13.30 radələrində Ələt-Astara magistralının rayonun Binə-Xocavar kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ-21099” və “Lexus” markalı minik avtomobillərinin toqquşması nəticəsində həmin avtomobillərdə olan sərnişinlərdən 3 nəfəri hadisə yerindəcə dünyasını dəyişib. Daha 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanıb. Hadisənin başvermə səbəbləri, ölən və yaralıların şəxsiyyəti öyrənilir.
Qeyd edək, ki Mingəçevir şəhərində də ağır avtomobil qəzası baş verib.
Hadisə şəhərin giriş qapısının yaxınlığında qeydə alınıb. Şəhər sakini, 1954-cü il təvəllüdlü Quliyev Arif Əli oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə gecənin qaranlıq vaxtı dəvəni vurub, sonra isə maşını yolun kənarında dayanmış “VAZ 2107” markalı avtomobilə çırpıb.
Güclü zərbənin təsirindən dəvə avtomobilin sürücüsünün üstünə düşüb. Sürücü Arif Quliyev və dəvə hadisə yerində ölüb.
Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.