Daxili İşlər Nazirliyi Şamaxıda 6 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 4-də saat 15 radələrində Acıdərə kəndində Sabirabad rayon sakini Vaqif Ağayev idarə etdiyi “HOVA” markalı yük avtomobilini Ağsu rayon sakini Elmin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilin üzərinə aşırıb, sonradan sürüşərək qarşıdan gələn Bakı şəhər sakini Zöhrab Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.
E.Əliyev və sərnişinləri - Bakı şəhər sakinləri Azər Abbasov, Əntiqə Əliyeva və Fərid Əliyev, habelə V.Ağayev və sərnişini - paytaxt sakini Vaqif Baxşəliyev hadisə yerində ölüb, Z.Abbasovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
09:07
Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 6 nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, zəncirvari qəza yolun 105-ci kilometrliyində, Şamaxının Acıdərə adlanan ərazisində qeydə alınıb.
Ağsu sakini, 1990-cı il təvəllüdlü Əliyev Elmin Elşad oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Sabirabad sakini, 1957-ci il təvəllüdlü Ağayev Vaqif Xudamirzə oğlunun idarə etdiyi “HOVA” markalı yük maşını ilə toqquşub. Zərbənin təsiri nəticəsində yük maşını minik avtomobilinin üstünə aşıb. Həmin vaxt toqquşan avtomobillər qarşı tərəfdən gələn, Qəbələ sakini, 1977-ci il təvəllüdlü Allahverdiyev Ramil Fikrət oğluna məxsus “Mercedes” markalı minik maşınına çırpılıblar.
Hadisə nəticəsində toqquşan yük və minik avtomobillərinin sürücüsü, eləcə də minik maşının sürücüsü Elmin Əliyevin bacısı, 1988-ci il təvəllüdlü Əliyeva Əntiqə Elşad qızı, sərnişinlər- Gədəbəy sakini, 2002-ci il təvəllüdlü Əliyev Fərid Nemət oğlu, Bakı sakini 1988-ci il təvəllüdlü Abbasov Azər Eyvaz oğlu, Bakı sakini, 1961-ci il təvəllüdlü Baxşəliyev Vaqif Paşa oğlu aldıqları ağır bədən xəsarətlərindən vəfat ediblər. Digər “Mercedes”in sürücüsü Ramil Allahverdiyev ağır bədən xəsarətləri ilə Şamaxı Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. O, sonradan müalicə üçün Bakıya aparılıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Şamaxı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb olunublar. Onlar xüsusi kəsici alətlər vasitəsilə avtomobildə sıxılıb qalan yaralıları və cəsədləri çıxarıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
04.01.2015
Bakı-Şamaxı yolunda qəza baş verib.
FHN-dən Oxu.Az-a verilən məlumata görə, yolun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təv. Əliyev Elmil Elşən oğluna məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 16:34-də başa çatıb.