Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycanda dəmir yolunda qaydaların pozulmasına görə cərimələr artırılır
Azərbaycanda dəmiryol nəqliyyatında qaydaların pozulmasına görə cərimələr artırılır.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliyə görə, dəmir yolunun qardan mühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının ev avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilir.
Hazırda bu cərimə 150 manatdır.
Həmçinin dəmir yolunda yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Hazırda bu cərimələr müvafiq olaraq, 30 və 100 manatdır.
Dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılır.
Həmçinin yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən daha bir dəyişikliklə isə dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq ediləcək.
Hazırda qüvvədə olan qaydalara görə isə vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir.
Həmçinin Azərbaycanda dəmiryolu keçidlərindən istifadənin pozulmasına görə də yeni cərimələr müəyyənləşir.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.
Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək.
Təklifə əsasən, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbehvermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.
Həmçinin xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq.
Məcəlləyə əlavə edilən daha bir dəyişikliyə görə isə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.
Bununla bərabər, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manatdan 80 manata qaldırılır.

"İnzibati Xətalar Məcəlləsi" teqi üzrə xəbərlər
- İşçinin iş vaxtından artıq işlədilməsi QANUN POZUNTUSU hesab ediləcək
- Keçən il 10 mindən çox şəxsin Azərbaycana girişi məhdudlaşdırılıb
- "Medera Hospital" və daha səkkiz şirkət əmək hüquqlarını pozub - Məhkəməyə müraciət edildi
- Ehtiyatda olan hərbçilər yaşayış yerini dəyişərkən məlumat vermədikdə cərimə olunacaqlar?
- Xudayar Yusifzadənin anasını təhqir edən bloqer HƏBS OLUNDU