"İstilik təchizatının fərdi qaydada dayandırılması halında mənzilin daxilindən keçən dik boru hər hansı birləşmə və ya əlaqələndirici olmadan keçməli, belə birləşmə və ya əlaqələndirici olduğu halda onlar müvafiq qaydada plomblanmalıdır. Sakin mərkəzləşdirilmiş sistemdən çıxa bilər, amma mənzilindən keçən ümumi şaquli boruya toxunmamalıdır".
Oxu.Az xəbər verir ki, bunu "AZƏRTAC"-a müsahibəsində "Azəristiliktəchizat" ASC-nin sədri İlham Mirzəliyev deyib.
O bildirib ki, bu qaydanı pozaraq qonşularını istilikdən məhrum edən şəxs məsuliyyət daşıyır.
Maraqlıdır, sədrin açıqlamasında nəzərdə tutduğu məsuliyyət tədbirləri hansılardır?
Oxu.Az məsələni araşdırıb:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279-cu maddəsində qaz, elektrik və istilik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri nəzərdə tutulub.
Belə ki, Məcəllənin 279.0.1-ci maddəsinə əsasən, qaz, elektrik və ya istilik qurğularında (elektrik verilişi xətlərində və boru kəmərlərində), avadanlıqlarında, qaza və enerjiyə qənaət sistemlərində texniki istismar qaydalarının pozulmasına, habelə onların texniki səviyyəsinin yüksəldilməsi və ya saxlanılması üçün müəyyən edilmiş tələblərin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutulur.
279.0.7-ci maddəyə əsasən isə qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 2 500 manatdan 3 000 manatadək məbləğdə cərimə edilir.