Noyabrın 2-si, bazar ertəsi günü Fransada orta məktəb şagirdlərinin etiraz aksiyaları yenidən başlasa da, əvvəlki həftələrlə müqayisədə daha kiçik miqyasda olub.
Bu barədə Oxu.Az "Reuters"ə istinadən xəbər verir.
Etirazların zəifləməsinə baxmayaraq, gənclər Paris, Marsel və Renndə bir neçə təhsil müəssisəsini bloklamağa cəhd göstəriblər.
Ümumilikdə, "Le Figaro"nun məlumatına görə, bazar ertəsi səhər saatlarına 41 məktəb bloklanıb ki, bu da bütün Fransa üzrə məktəblərin ümumi sayının 1%-dən azını təşkil edir. Tətildən əvvəlki həftədə isə Fransadakı 3 mindən çox orta məktəbdən yüzlərləsinin girişi bağlanmışdı.
Xatırladaq ki, Fransada tədris şəraitinin aşağı səviyyədə olmasına etiraz edən orta məktəb şagirdlərinin kütləvi nümayişlərinə hələ sentyabr ayında başlanılıb.