Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Doğuşdan sonra ölən qadının həyat yoldaşı danışdı: "Qəsdən etdilər"
Şəki Regional Perinatal Mərkəzində 27 yaşlı qadın doğuşdan bir gün sonra ölüb.
Oxu.Az Baku TV-yə istinadən məlumat verir ki, mərhumun həyat yoldaşı Tural Nəsibovun iddiasına görə, qadının ölümünə səbəb həkim səhlənkarlığı olub.
"Fevralın 14-ü həyat yoldaşım doğuş etdi. Həkim hər ikisinin vəziyyətinin yaxşı olduğunu dedi. Anam evə gələn kimi zəng etdilər ki, tez özünü xəstəxanaya çatdır. Gedib gördüm ki, yoldaşım ölüb. Həkimdən səbəbini soruşanda dedilər ki, trombdan ölüb. Meyitxanada yardılar, ekspertlər trombdan ölmədiyini söylədilər. Ürəyi, hər şeyi sağlam idi, heç bir problemi yox idi. Balamın yanına gedəndə ona yaxınlaşa bilmirəm, yad adamlar kimi baxıb çıxıb gəlirəm. Üç balamı yetim qoydu, körpəmi qucağıma ala bilmirəm. Qəsdən etdilər, 10 dəqiqənin içində yoldaşımın ölümünə səbəb oldular".
Səslənən iddialarla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, bunu hüquq-mühafizə orqanları qiymətləndirə bilər.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı süjetdə:

Şəki rayonunun Zunud kənd sakini Nigar Qarayevanın doğuşdan sonra ölüm səbəbi məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Məlumatda qeyd olunub ki, 14 fevral tarixində 1998-ci il təvəllüdlü hamilə qadın Şəki Perinatal Mərkəzə müraciət edib:
"Ona "38 həftəlik hamiləlik, uşaqlıq üzərində iki çapıq" diaqnozu qoyulub və həmin gün saat 11:50-də cərrahi yolla doğuş prosesi icra olunub, sağlam körpə dünyaya gəlib.
Fevralın 15-də günorta saatlarında zahı qadının halı pisləşib, boğulmadan şikayət edib. Dərhal Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən zahı pasiyentə təxirəsalınmaz reanimasiyon yardımlar göstərilib. Həkimlərin çoxsaylı xilasetmə cəhdlərinə baxmayaraq, saat 14:15-də şəxsin ölüm faktı qeydə alınıb.
Meyit ekspertizaya göndərilib".
Məhərrəm Əliyev
Azərbaycanda gənc ana doğuşdan sonra ölüb.
Oxu.Az xəbər verir ki, hadisə fevralın 15-i Şəkidə qeydə alınıb.
Belə ki, Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra ölüb.
Faktla bağlı araşdırma aparılır.