Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 17-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İranın birinci vitse-prezidenti Məhəmməd Reza Areflə görüşüb.
Bu barədə Oxu.Az-a Azərbaycan Nazirlər Kabinetindən bildirilib.
Görüşdə Azərbaycan-İran münasibətlərinin mövcud vəziyyəti, həmçinin iqtisadiyyat, ticarət, investisiya, nəqliyyat-tranzit, neft-qaz, energetika və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Avtomobil və dəmir yolları bağlantılarının yaradılması, İran ərazisindən keçməklə Şərqi Zəngəzur - Naxçıvan nəqliyyat infrastrukturunun tikintisi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi və digər birgə layihələrin icra vəziyyəti nəzərdən keçirilib.
Eyni zamanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması, dənizin çirkləndirilməsinin və dayazlaşmasının qarşısının alınması, habelə Xəzər dənizi hövzəsində əməkdaşlıqla bağlı bir sıra digər məsələlər barədə müzakirələr aparıldı.


Fevralın 17-də Azərbaycanın Baş naziri Əli Əsədov İrana işgüzar səfərə gedib.
Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən (NK) məlumat verilib.
Bildirilib ki, Tehranın Mehrabad hava limanında Ə.Əsədovu İranın yol və şəhərsalma naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Fərzanə Sadeq və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Baş nazir Ə.Əsədov 3-cü Xəzər İqtisadi Forumunda iştirak edəcək.



