Azərbaycanın bir sıra qərb rayon və şəhərlərində əsən güclü külək ciddi fəsadlara səbəb olub.
APA-nın məlumatına əsasən, Göyçay, Ağdaş, Yevlax, Bərdə, Goranboy və Mingəçevirdə bir saatdan çox əsən külək nəticəsində elektrik enerjisi kəsilib. Külək bir çox yerlərdə ağacları yıxıb.
Məlumata görə, qasırğa şəkli almış külək hələ də əsməkdə davam edir. Son dəqiqələrdə isə leysan yağışı başlayıb.
Azərbaycanın şimal-qərb bölgəsində də əsən güclü külək bir sıra problemlərə səbəb olub.
Təxminən saat 19.30-dan başlayan külək və yağış Balakən, Zaqatala, Qax, Şəki rayonlarında bəzi yerlərə elektrik enerjisinin verilməsində məhdudiyyətlərə səbəb olub.
Belə ki, bir çox yerlərdə elektrik dirəkləri aşıb və nəticədə elektrik enerjisinin verilməsi dayanıb. Bundan əlavə, külək bəzi yerlərdə ağacları da aşırıb. Hazırda elektrik enerjisinin verilməsinin bərpası, həmçinin digər fəsadların aradan qaldırılması üzrə iş gedir.
Məlumata əsasən, külək ərazidə fərdi evlərə və inzibati binalara ziyan vurmayıb. Külək və yağış isə artıq kəsib.
Bundan başqa, bu gün Gəncə şəhərində qısamüddətli dolu da yağıb.
www.apa.az
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin