Növbəti ildən Azərbaycanda icbari tibbi sığortaya başlanılacaq.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, millət vəkili Musa Quliyevin sözlərinə görə, bununla bağlı tezliklə əməli addımlar atılacaq.
Millət vəkili bu sahədə ləngimənin əsas iki səbəbini açıqlayıb:
“İlk növbədə, səhiyyə müəssisələrinin işi sistemli qurulmamışdı. 2005-ci ildən səhiyyə sahəsinə böyük maliyyə vəsaitləri ayrıldıqdan sonra yeni səhiyyə sistemi formalaşmağa başladı. Səhiyyənin kadr təminatı yaxşılaşır, elektron səhiyyə sistemi formalaşır. Ona görə səhiyyə islahatları tam başa çatmayıb.
İkinci bir səbəb isə Azərbaycanın sığorta sisteminin inkişaf etməməyidir. Ölkənin bütün regionlarını əhatə edən, vətəndaşların səhiyyə xərclərini qarşılaya bilən, vətəndaş-səhiyyə arasında maliyyə əlaqəsini yarada biləcək yetkin sığorta şəbəkəsinin olması vacibdir”.
Musa Quliyev dövlətin özəl sığorta şirkətlərinə üstünlük verdiyini və sığorta bazarında 5 belə şirkətin fəaliyyət göstərdiyin bildirib.