2015-ci il iyul ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu(DSMF) tərəfindən iyun ayında əlavə olaraq 15 412 sığortaolunana fərdi şəxsi hesab açılıb.
Oxu.Az-a Fonddan verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 4,12% artıb.
Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 098 817 nəfərə yüksəlib. Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 831 564 nəfər) kişi, 40,9%-i (1 267 253 nəfər) isə qadındır.
Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,84%-ni(769 703 nəfər) əhatə edir.
Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,59%-ni (669 101 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,69%-ni (641 144 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,15%-ni (655 449 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,73%-ni (363 420 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.
Fərdi uçot-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.
Qeyd edək ki, 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Ülviyyə R. Əli
www.oxu.az