Son 20 ildə ölkəmizdə əhalinin sayı 26 faizdən də çox artaraq 9,5 milyonu ötüb. Əhalinin illik artım tempinin 1,3 faiz təşkil etdiyi respublikada körpə və uşaq ölümü halları müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalıb. Doğulanda gözlənilən ömür uzunluğu isə 4,6 il artaraq 74,2 yaşa çatıb. Ölkədə son 10 il ərzində doğum səviyyəsi hər min nəfərə 13,9-dan 18,6-ya qalxıb. Bu gün əhalinin təbii artımının 1,3 faiz olduğu Azərbaycan bu sahədə Avropada ən yaxşı göstəriciyə malikdir.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən “Azərbaycan Respublikasının demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2014-2025-ci illər) layihəsinin müzakirəsi zamanı səsləndirib.
Nazir cari ilin sentyabrında ƏƏSMN ilə QHT-lərə Dövlət Dəstəyi Şurası arasında imzalanan Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun digər sahələrdə olduğu kimi, yeni qanunvericilik layihələrinin təkmilləşdirilməsində də vətəndaş cəmiyyətləri ilə əməkdaşlığa şərait yaratdığını qeyd edib:
“Bu görüş də əməkdaşlığımızın davamı olaraq, demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramının layihəsi ilə bağlı birgə müzakirələrə həsr olunub. Burada vətəndaş cəmiyyətləri tərəfindən ifadə olunacaq rəy və təkliflərin bu layihənin təkmilləşdirilməsində öz rolunu oynayacağına əminəm”.