Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Azərbaycanda plastik qablaşdırma qadağan ediləcəkmi?
Dünən, bildiyiniz kimi, Avropa Parlamenti tərəfindən plastik qablaşdırma məhsullarının qadağan olunması ilə bağlı qərar qəbul olunub. Qərara görə, plastik məhsulların istifadəsi 2021-ci ilədək qadağan olunmalıdır. Azərbaycanda da bu istiqamətdə artıq müəyyən işlər görülməkdədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən kompleks tədbirlər planı hazırlanır.
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.
U.Tağıyeva bildirib ki, bu məqsədlə prosesin ilkin mərhələsində ictimai rəyin öyrənilməsi üçün əhali arasında sorğu keçirilməsi planlaşdırılır.
“Əlbəttə ki, bu tədbirlər bütün tərəflərin maraqları nəzərə alınaraq, mərhələli şəkildə həyata keçiriləcək. Toplanma və çeşidlənmə işlərinə əhalini cəlb etmək üçün bugünədək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə başlanılan kampaniya çərçivəsində ümumilikdə 35 şəhər və rayon üzrə plastik qabların toplanması və çeşidlənməsi üçün 100-dək konteyner yerləşdirilib.
Yerləşdirilən konteynerlərdən 32 ədədi ETSN, 50 ədədi Rayon İcra Hakimiyyətləri, 12 ədədi yerli sahibkarlar, iki ədədi isə “AzEkol” tərəfindən hazırlanıb”, - o əlavə edib.
Şöbə müdirinin sözlərinə görə, ölkədə ekoloji problemlər tək plastik tullantılarla bağlı deyil, eyni zamanda, həm məişətdə, həm tikintidə, həm də karxanaların fəaliyyəti zamanı əmələ gələn və düzgün idarə olunmayan tullantılarla bağlıdır.
“Abşeron yarımadasının landşaftı, bildiyiniz kimi, toz miqdarının çox olması üçün səciyyəvi ərazilərdən biridir. Təbii şəraitlə yanaşı, antropogen təsir bu vəziyyəti daha da gərginləşdirir.
Növbəti dəfə dünən Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi nəticəsində atmosfer havasında tozun miqdarının normadan üç dəfəyədək çox olması qeydə alınıb”, - Tağıyeva diqqətə çatdırıb.
“Nazirlik tərəfindən bu sahədə aparılan operativ monitorinq işləri sübut etdi ki, belə vəziyyətin yaranmasına səbəb Qaradağ rayonu ərazisində yerləşən karxanalardır. Həm tikintidə, həm də daş karxanalarının fəaliyyəti zamanı ekoloji və tikinti qaydalarına riayət olunmaması yol verilməzdir.
Təəssüflə qeyd edirik ki, ETSN tərəfindən daş karxanalarının sahiblərinə işlərində dönüş yaratmaları üçün müəyyən müddət verilməsinə baxmayaraq, onlar bu vaxta qədər vəziyyəti yaxşılaşdırmaq üçün bir addım belə atmayıblar.
Bu sahədə qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır”, - şöbə müdiri fikrini yekunlaşdırıb.
İlhamə Əbülfət
www.oxu.az
"Abşeron" teqi üzrə xəbərlər
- Təyyarə qəzasında həlak olan Hökumə Əliyevanın xatirəsi yad edilir
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
- Abşeronda avtomobil kuryeri vurdu
- Abşeronda xəstəlikdən əziyyət çəkən kişi özünü öldürdü
- Sarayda yaşayış binasında baş verən yanğında xəsarət alan şəxsin son durumu AÇIQLANDI
Rəylər