Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycanda professor vəfat etdi](https://images.oxu.az/2025/02/05/0FaLUNmxOTouNRjVfaJo4fT2zCGGnjy5db4vLCmT:1200.webp)
Azərbaycanda professor vəfat etdi
AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.
Bildirilib ki, Rüfət Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub. Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib (1963). Elmlər namizədi (1969), elmlər doktoru (1979) elmi dərəcələri alıb, 1989-cu ildə AEA-nın müxbir üzvü seçilib.
AEA Fizika İnstitutunda (1963-1965) işləmiş, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunub. Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir. Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit - fundamental uzunluğu da daxil edib. Bu nəzəriyyə çərçivəsində yüksək enerjilərdə yeni fiziki hadisələrin mövcudluğu proqnozlaşdırılıb.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəza konsepsiyası əsasında iki cismin relyativist probleminə yanaşma üsulunu verib və Şredinger kvant mexanikasını inkişaf etdirib. Lorens qrupunda Kazimir operatorunu relyativistik hissəciklər arasında məsafə kimi interpretasiya etmiş və bunu kvant mexanikası məsələlərinin həllinə tətbiq edib. Bu interpretasiya və Furye ayrılmalarından istifadə etməklə fəzanın relyativistik konfiqurasiyasını qurub və bununla da dalğa tənliklərinin həllində differensial hesablamalarla yanaşı, sonlu fərqlər üsulunun tətbiqinin də səmərəliliyinin artırılmasına nail olub. Bu yanaşma proton modelinin, kvark modellərinin, yüksək enerjilərdə adronların yayılması, relyativistik nüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqini tapıb.
Alim həmçinin kvant sahə nəzəriyyəsinin hamilton təsvirindən istifadə etməklə işıq konusunda dinamikanın təsviri üçün səmərəli üsul işləmiş və tətbiq edib. Kvant sahə nəzəriyyəsində kvazipotensial yanaşma əsasında relyativistik kvant mexanikasının sonlu-fərq variantını inkişaf etdirib. Relyativistik kvant mexanikası çərçivəsində səpilmə nəzəriyyəsi və kvant mexanikasında istifadə olunan yaxınlaşmaların analoqlarını qurmuş, sonlu-fərq tənliklərinin xassələrinə əsaslanaraq, kvarkların konfaynment (tutulub saxlanma) mexanizmini təklif edib.
Kvant fəzası konsepsiyasını inkişaf etdirib, Şredinqer tənliyinin bir sıra dəqiq həllərini tapıb.
Rüfət Mir-Qasımov 150-dən çox elmi əsərin müəllifi idi.
Rəylər