Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda seyidlik vəsiqələri verilir: QMİ-nin xəbəri varmı? – FOTO + AÇIQLAMA + YENİLƏNİB
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) qazısının vətəndaşa “Seyid Ağa” vəsiqəsi verməsi ilə bağlı yaranan qalmaqala idarə münasibət bildirib.
Oxu.Az APA-ya istinadən məlumat verir ki, QMİ-dən verilən açıqlamada, idarə tərəfindən heç bir vətəndaşa bu tip vəsiqənin verilmədiyi bildirilib: “Bu, qazının şəxsi təşəbbüsü olub. Möhürdən də göründüyü kimi, bu idarənin yox, qazının möhürüdür”.
Qafqaz Müsəlmanları İdarəsinin Cənub Regional qazısı, Hacı Mirqiyas Təhməzov Elnur Tağıyevə seyidlik vəsiqəsi verməsi barədə danışıb.
O bildirib ki, bu vəsiqəni E.Tağıyevə onun şəcərəsini araşdırdıqdan sonra verib: “Bu vəsiqəni əslən lerikli və hazırda Lənkəran rayon Sütəmordov kənd sakini Elnur Tağıyevə araşdıraraq vermişəm. Həmin vəsiqə ilə təsdiq olunur ki, bu adamın nəsil-nəcabəti seyiddir. Bir neçə nəfərin razılığı ilə bu sənəd verilib. Onların kəndlərindən, böyüklərindən öyrənib, həmin insanların razılığı ilə belə addım atmışıq. Onlar da Elnurun seyid olmasını təsdiq edib”.
Hacı Mirqiyas Təhməzov indiyənədək Elnurdan başqa heç kimə belə bir vəsiqə vermədiyini dilə gətirib: “Biz kağız vermişik ki, o adamların şəhadəti ilə Elnur seyiddir. Mən bilməzdim ki, seyidlik kağızı belə söz-söhbətlərə gətirib çıxarar. Bilsəydim, bu kağızı verməzdim. Sənədi verməyimə də özüm peşman oldum. O adam çox kasıbdır. Məndən xahiş etdilər ki, ona belə bir sənəd verək. O yalvarıb-yaxardı və bildirdi ki, o, həqiqətən, seyiddir. Gərək bunu etməzdim. Çox peşmanam. Bundan sonra heç vaxt belə bir iş görməyəcəm”.
Hacı Mirqiyas Elnur adlı şəxsə seyidlik vəsiqəsini verməsinin məqsədini də açıqlayıb: “İndiki vaxtda seyidlərə qarşı başqa fikirlər səsləndirirlər. Guya hər adam seyidlik adını ala bilər. İnsanların həqiqi seyidi tanımaları üçün bu addımı atmışam”.
09:10
Azərbaycanda Seyid Ağa vəsiqələri verilir.
Oxu.Az-ın məlumatına görə, belə vəsiqələrdən birinin fotoşəkli sosial şəbəkədə müzakirə mövzusu olub.
Tağıyev Elnur Mirverdi oğlunun seyidliyini təsdiqləyən sənəd QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov tərəfindən verilib. Sənəd onun imzası və şəxsi möhürü ilə təsdiqlənib.
Sənəddə qeyd edilən 21313 rəqəmi, böyük ehtimalla, seyidlərə verilən belə vəsiqələrin sayını göstərir.
Qafqaz Müsəlmanları İdarəsinin bu səlahiyyətə malik olduğu barədə ictimaiyyətin məlumatsızlığı sənədin həqiqiliyini şübhə altına salıb.
Qeyd edək ki, Məhəmməd Peyğəmbərin (s.ə.s) nəslindən olan müsəlmanlara seyid deyilir.
Z.Q.
www.oxu.az