Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Lahıc yolunda yenidən uçqun oldu, hərəkət dayandı
Lahıc yolunda qaya parçaları yolun hərəkət hissəsinə tökülüb.
Bununla bağlı Oxu.Az-a sakinlər məlumat veriblər.
Qeyd olunub ki, bir neçə dəqiqə əvvəl yenidən uçqun baş verdiyi üçün yol tamamilə bağlanıb.
Videonu təqdim edirik:
"Lahıc yolunda qaya süxurlarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən bu gün səhər saatlarında yaranan çətinlik aradan qaldırılıb".
Bu məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq verib.
"Hazırda ərazi təmizlənib, gediş-gəliş təmin olunub. Ərazidə təmizlənmə işləri davam etdirilir", - deyə A. Nəcəfli qeyd edib.
Videonu təqdim edirik:
Əzizə İsmayılova
"Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Mahmud Süleymanov verib.
Məlumatda bildirilir ki, İsmayıllı rayonu ərazisində aramsız yağan yağışlar nəticəsində Qoydan kəndində 21.06.2024-cü il tarixdə axşam saatlarından başlayaraq kəndə yaxın dağlıq ərazidən yaşayış evlərinə doğru torpaq sürüşməsi müşahidə edilir.
"Sürüşmə nəticəsində Əsgər Nuru oğlu Musayevə məxsus həyətyanı torpaq sahəsində yerləşən iki fərdi yaşayış evinə real təhlükə yaranıb.
Kəskin relyefdə yerləşən Qoydan kəndinə yaxın dağlıq yamacda baş verən torpaq sürüşməsi lil halında kəndin mərkəzinə doğru hərəkətdədir.
İlkin təxirəsalınmaz tədbirlər çərçivəsində qeyd olunan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat verilib, vətəndaş Musayev Əsgər Nuru oğlunun evdən dərhal çıxması barədə qərar qəbul edilib.
Hazırda hava yağıntılı olduğundan Girdiman və Siyəru çaylarında sel səbəbindən kəndlə nəqliyyat əlaqəsi kəsilib. Kəndin kommunikasiya xətlərinin işlək vəziyyətdə olması və təbiət hadisəsinin dinamikası tərəfimizdən nəzarətdə saxlanılır. Hava şəraiti imkan yaratdığı təqdirdə kəndin ərazisinə ağır texnikaların cəlbi istiqamətində tədbirlər görüləcək", - deyə M.Süleymanov vurğulayıb.
İsmayıllı rayonunun Əhənd, Qoydan, Dvoryan kəndlərində elektrik enerjisinin kəsilməsi ilə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.
Qurumun Mətbuat Xidmətinin rəhbəri Vaqif Aydınoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirki ki, elektrik enerjisinin tam təmin olunması üçün kənd yollarının açılmasına ehtiyac var.
"Əməkdaşlarımız sözügedən kəndlərdə öz imkanları daxilində görə biləcəkləri bütün işləri görürlər və o hissələrdə elektrik enerjisinin verilməsi təmin olunur. O yerlərdə ki, texnikaya ehtiyac var, gözləmək məcburiyyətindəyik. Çünki yol bağlıdır. Yol açılan kimi qəza xidməti əraziyə keçib, hər üç kənddə sel aparan dayaqları yenisi ilə əvəz edəcək", - deyə V.Aydınoğlu bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə Oxu.Az-ın sorğusuna cavab olaraq kənd yollarının açıq olduğunu və gediş-gəlişdə hər hansı problem olmadığını diqqətə çatdırıb.
"Hazırda bizim Lahıc yolunda müəyyən problemlərimiz var. Həmin yolda iki hissədə - Lahıc qəsəbəsinin girişində və Lahıc yolunun üzərində, bir yerdə qaya süxurları və lil qatını sel suları yolun hərəkət hissəsinə gətirib.
Bir az əvvəl Lahıc yolunda qaya süxurlarının yolun hərəkət hissəsinə düşməsi səbəbindən müəyyən çətinlik yaranıb. Hazırda ərazi texnikalar vasitəsi ilə təmizlənir. Yolboyu hərəkət olsa da, çətinlik yaranan hissədə problemin aradan qaldırılması istiqamətində işlər görülür.
Qoydan və Dvoryan kəndləri Agentliyimizin balansında deyil, amma Əhənd yolu açıqdır, o yolda da hər hansı problem yoxdur. Balansımızda olan digər kəndlərə gediş-gəlişin təmin olunması istiqamətində də işlər aparılır. Hazırda güclü yağış yağmasına baxmayaraq texnikalarımız ərazilərə səfərbər olunub və işləyirlər", - deyə A. Nəcəfli qeyd edib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, aidiyyəti qurumların nümayəndələrindən ibarət birgə komissiya tərəfindən qısa müddətdə əraziyə baxış keçiriləcək.
Kənd sakinlərinin Oxu.Az-a verdiyi son məlumata görə isə bu dəqiqələrdə Namazgah kəndindən Lahıca gedən yolda bir neçə yerdə dağ uçqunu baş verib, bu səbəbdən gediş-gəliş tamamilə dayanıb.
"Hazırda üç kəndin - Əhənd, Qoydan, Dvoryan kəndlərinin rayon mərkəzi ilə əlaqəsi tamamilə kəsilib".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin Əhənd kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Vüqar Bəşirov deyib.
O qeyd edib ki, hazırda Qoydan kəndinə giriş-çıxış mümkün deyil.
"Yağan güclü yağışlar nəticəsində kəndi lil basıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Gəlib əraziyə baxıb akt tərtib ediblər. Nazirlər Kabinetinə məlumat verilib.
Sakinlər kənddən çıxa bilmirlər, çünki kəndə gedən yolları sel aparıb. Girdimanın qolu olan Siyəri çayı daşdığı üçün ətrafı lil basıb. Bundan əlavə, torpaq sürüşməsi olduğu üçün bütün yollar bağlanıb. Hazırda rayon mərkəzi ilə əlaqəmiz kəsilib. Kəndə texnika gələ bilmir. Lahıc yolu düzəlməlidir ki, kəndə texnika gələ bilsin. İşığı bərpa etməyə çalışırlar, hələ də fazanın birində işıq yoxdur.
Hazırda yağışlı hava şəraiti davam etməkdədir"- deyə V.Bəşirov bildirib.
İsmayıllının Qoydan kəndində torpaq sürüşməsi təhlükəli həddə çatıb.
Bu barədə Oxu.Az-a kənd sakinləri məlumat veriblər.
Qeyd olunub ki, kənddə qalan bir neçə ailə çöldə gecələməli olub. Girdiman çayına güclü sel gəlməsi səbəbindən onların kənddən çıxması mümkün deyil.
"Neçə gündür bütün aidiyyəti qurumlara xəbər versək də, məsələ ilə maraqlanan və əhaliyə kömək edən kimsə yoxdur. Xahiş edirik ki, bizim kənddən çıxmağımıza kömək etsinlər. Dörd bir tərəfdən torpaq sürüşməsi ilə üz-üzə qalmışıq" - deyə kənd sakini bildirib.
Xatırladaq ki, İsmayıllının Qoydan kəndində sürüşmə səbəbindən təhlükə yaranması ilə bağlı məlumat vermişdik.
Əzizə İsmayılova
"Torpaq sürüşməsi" teqi üzrə xəbərlər
- Bakı sakinləri niyə gecə küçədə yığışdılar? - "Təhlükəli vəziyyətdəyik"
- Yol tikintisi zamanı ikiyə bölünən obyektə görə kompensasiya ödəniləcək?
- Şamaxıda çökən yolun düzəlməsi günəşli günlərə qaldı
- Türkiyədə mərmər mədənində torpaq sürüşməsi: Ölənlər var
- Bakı Kənar Dairəvi yolunda uçqun TƏHLÜKƏSİ - Aidiyyəti qurumlar əraziyə cəlb olundular
Rəylər