Azərbaycanın ən böyük suvarma kanalının tikintisi yekunlaşmaq üzrədir.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev bildirib.
O qeyd edib ki, hazırda tikilməkdə olan Şirvan suvarma kanalının uzunluğu 122 kilometrdən 204 kilometrə çatdırılacaq.
"Layihə çərçivəsində əlavə 100 min hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsi nəzərdə tutulur.
Hazırda istifadə olunan Şirvan suvarma kanalı Mingəçevir su anbarından başlayır. Uzunluğu 122 kilometr, maksimal suötürmə qabiliyyəti saniyədə 78 kubmetr olan kanal 112 min hektar ərazinin suvarılmasına xidmət edir.
Lakin 65 ildən artıqdır istismar olunan kanalda zamanla deqradasiya baş verib, hidrotexniki qurğuların istismarında çətinliklər yaranıb. Bu da su itkilərinə və torpaqların meliorativ vəziyyətinin pisləşməsinə səbəb olub.
Yeni layihənin əsas məqsədi su itkilərinin qarşısını almaq, suvarma imkanlarını genişləndirmək və kənd təsərrüfatı torpaqlarının su təminatını yaxşılaşdırmaqdır.
Tikinti işləri dörd mərhələdə aparılır
Şirvan suvarma kanalının yenidən qurulması və tikintisi üzrə işlərə 2024-cü ildə başlanılıb, layihənin 2027-ci ildə yekunlaşdırılması planlaşdırılır.
Layihə dörd mərhələdə həyata keçirilir. Hazırkı vəziyyətə görə, birinci mərhələdə, baş qurğu da daxil olmaqla, işlərin 82-83 faizi, ikinci mərhələdə 56 faizi, üçüncü mərhələdə 49 faizi, dördüncü mərhələdə isə 60 faizi tamamlanıb", - deyə A.Quliyev bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində kanalın 133-134 kilometrlik hissəsində torpaq qazma və torpaq yayma, 113 kilometrlik hissəsində isə betonlama işləri aparılıb.
Layihə başa çatdıqdan sonra kanalın suvarma imkanlarının genişləndirilməsi ilə yanaşı, yaşayış məntəqələrinin məişət suyu ilə təminatının yaxşılaşdırılması da nəzərdə tutulur.
Bundan başqa, Hacıqabul rayonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə Hacıqabul gölünə suyun verilməsi planlaşdırılır.
Qurum rəsmisi qeyd edib ki, Şirvan suvarma kanalı Azərbaycanın ən böyük suvarma kanalı olacaq.