Azərbaycanın ən cəlbedici şəhəri təbii ki, paytaxt Bakıdır.
Azərbaycanın vətəndaşları məhz Bakı şəhərinə köçməyə, burada biznesə vəsait yatırmağa üstünlük verirlər. Lakin son vaxtlar paytaxt və regionlardakı şəhərlər arasında fərq azalmağa başlayıb, nəticədə regional şəhərlər də cəlbedici olublar.
Bu barədə “Exo”ya İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, insanlar yaşayış və investisiya üçün yer seçərkən paytaxtla yanaşı digər şəhərləri də nəzərdən keçirirlər:
“Bakıdan sonra ən cəlbedici şəhər Gəncədir. Bu, geniş infrastruktur imkanları və Gəncədə daha çox iş yerinin olması ilə bağlıdır. Gəncəbasar zonasında yaşayan əhali əsasən elə Gəncəyə köçməyə və bu şəhərə investisiya yatırmağa üstünlük verirlər”.
Bayramovun rəyinə görə, Bakı və Gəncədən sonra cəlbedici şəhərlər reytinqində Sumqayıt gəlir.
“Bu, Azərbaycanın ən böyük şəhərlərindən biridir və paytaxt Bakının yaxınlığında yerləşir. Dördüncü yerdə Lənkəran şəhəri qərarlaşıb. Lənkəranın ən böyük şəhər olduğu cənub regionunda aqrar sektor güclü inkişaf edib. Nəticədə emal sahəsində çoxlu müəssisələr açılır və bütün bunlar şəhəri son dərəcə cəlbedici edir. İlk beşliyi Şəki şəhəri tamamlayır. Şəkidə yeni iş yerlərinin açılması ilə əlaqədar şəhər sürətlə inkişaf edir. Yuxarıda adları çəkilmiş şəhərlərdən başqa Bərdəni də qeyd etmək lazımdır. Bu şəhərin inkişafı Dağlıq Qarabağ və ona bitişik rayonların işğalı ilə bağlıdır. Torpaqların işğalından sonra Bərdəyə məcburi köçkün axını başladı ki, bu da rayonu regional mərkəzə çevirdi” – deyə, Bayramov vurğulayıb.
Öz növbəsində, “MBA Consulting” şirkətinin baş direktoru Nüsrət İbrahimovun “Exo”ya bildirdiyinə görə, investorlar və vətəndaşlar üçün ən cəlbedici məşğulluq səviyyəsinin yüksək olduğu şəhərlərdir. Bunlar Gəncə, Sumqayıt, Şəki, Qəbələ, Masallı və Bərdə şəhərləridir.
Exo
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin