Səhhətində yaranan ciddi problemlərə görə Türkiyəyə aparılan Azərbaycanın energetika naziri Natiq Əliyev İstanbuldakı “Amerikan Xəstəxanası”na yerləşdirilib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, Türkiyə həkimləri nazirin vəziyyətini sabit kimi qiymətləndiriblər.
Bildirilib ki, N.Əliyevin müalicəsi intensiv formada davam etdirilir.
Qeyd edək ki, N.Əliyev iyunun 4-də ürək dayanması diaqnozu ilə Bakıda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olmuşdu. Energetika naziri xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmiş, ürəyinə stentlər qoyulmuşdu.
Onu müayinə etmək üçün Türkiyədən həkim briqadası çağırılmışdı. Azərbaycanlı həkimlərlə birlikdə aparılan müayinə və konsilumun nəticəsində N.Əliyevin Türkiyəyə aparılması və müalicənin oradakı xəstəxanalardan birində davam etdirilməsinə qərar verilmişdi. Nazir ötən gecə türkiyəli həkimlərin müşayiəti ilə özəl təyyarə vasitəsilə Türkiyəyə aparılmışdı.
15:32
Azərbaycanın energetika naziri Natiq Əliyevin səhhətinin ağırlaşması ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, iyunun 3-də ürəyindəki ağrılardan şikayətlənən nazir Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib. Xəstəxananın rəhbərliyinin nəzarəti ilə öz ayaqları ilə xəstəxanaya gələn nazirin müayinə olunmasına başlanılıb və o, palataya yerləşdirilib. Müayinə zamanı Natiq Əliyevin ürək aortasında tıxanma kəskinləşib və ürək fəaliyyətini dayandırıb. Təxminən 3 dəqiqəlik gərgin iş nəticəsində onun ürəyinin fəaliyyəti bərpa edilib və ürək damarlarına 4 stend qoyulub.
Xəstəxanaya daxil olandan 5 saat sonra Natiq Əliyev Kardio-reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ilə bağlı yerli və xarici mütəxəssislərdən ibarət konsilium təşkil edilib. İyunun 4-də qərara alınıb ki, nazir Türkiyədə ixtisaslaşmış xəstəxanaya göndərilsin. Dünən günorta saatlarında xüsusi təyyarə və bütün hazırlıq tədbirləri yekunlaşdırılıb. Lakin mövcud riskləri də nəzərə alaraq onun səhhətinin bir qədər də normallaşması, həmçinin özünün də rəyinin alınması lazım bilinib və bir qədər gözləmək qərara alınıb. İyunun 5-nə keçən gecə Natiq Əliyev Türkiyəyə yola salınıb.
09:29
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyev Türkiyəyə aparılıb.
Oxu.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya verilən məlumata görə, N.Əliyev müalicəsini Türkiyədə davam etdirəcək.
Qeyd edək ki, N.Əliyevin ürəyində problemlər yaranmış və o, Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilmişdi.
04.06.2017 (15:20)
Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmiş energetika naziri Natiq Əliyevin vəziyyəti ağır-stabildir.
Oxu.Az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasından APA-ya bildirilib ki, N. Əliyev xəstəxanaya gətirilən zaman vəziyyəti ağır olub.
Hazırda N. Əliyev reanimasiya şöbəsindədir, ürəyinə stendlər qoyulub. Yerli və xarici mütəxəssislərin iştirakı ilə konsilum aparılır və konsilumun nəticələrinə uyğun olaraq müvafiq addımlar atılacaq.
Energetika Nazirliyinin mətbuat katibi Zəminə Əliyeva açıqlamasında bildirib ki, N. Əliyevin ürəyində problemlər yaranıb və Mərkəzi Neftçilər Xəstəxanasında yerləşdirilib.
Hazırda nazir həkimlərin nəzarətindədir.
11:50
Azərbaycanın energetika naziri Natiq Əliyev xəstəxanaya yerləşdirilib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, nazir dünən səhər saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına gətirilib. Ürəyində ciddi problemləri olan nazir xəstəxananın Kardio-reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan nazirin hazırda reanimasiya şöbəsində müalicə olunduğunu təsdiləyiblər. Bildirilib ki, o, kardioloqların və reanimatoloqların nəzarətindədir.

A.M.