Xalq artisti Vaqif Şərifov Gəncə şəhər Fəxri xiyabanında dəfn edilib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, mərasimdə mərhumun ailə üzvləri, incəsənət xadimləri şəhər ictimaiyyəti və tanınmış aktyorlar iştirak edib.
09:06
Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Xalq artisti 78 yaşında vəfat edib.
Bir neçə gün əvvəl V.Şərifovun ürəyində problem yaranıb və o, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.
Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Anarın “Şəhərin yay günləri”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib.
Görkəmli sənətkar “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.