Xəbər verdiyimiz kimi, Türkiyədə Soma faciəsi ilə əlaqədar Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən yardım kampaniyasına başlanılıb.
Oxu.Az xəbər verir ki, bu kampaniyada ölkəmizin dövlət və incəsənət sahəsində çalışan insanları da iştirak edir. Artıq bir neçə millət vəkili yardım fonduna müəyyən qədər vəsait köçürüb.
Bunun ardından xalq artisti Nisə Qasımova, əməkdar artistlər Cavanşir Məmmədov, Tünzalə Ağayeva, müğənni Əlikram Bayramov da bu kampaniyaya qoşulmaq qərarını açıqlayıblar.
Xalq artisti Nisə Qasımova bir aylıq Prezident Təqaüdünü Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yardım fonduna bağışlayıb.
Hal-hazırda Türkiyədə olan əməkdar artist Tünzalə Ağayevanın prodüseri Yalçın bəyin Oxu.Az verdiyi məlumata görə, Tünzalə xanım nə qədər maddi vəsait ödəyəcəyi barədə açıqlamanın tərəfdarı deyil.
Əməkdar artist Cavanşir Məmmədov mövzu ilə əlaqədar Oxu.Az-ın müxbirinə bunları deyib:
“Mən də yardım kampaniyasına qoşulmuşam. Artıq yardım fonduna pul köçürmüşəm. Lakin məbləği açıqlamaq istəmirəm, bu, mənim fiziki şəxs kimi haqqımdır”.
Müğənni Əlikram Bayramov da ödəyəcəyi məbləğin gizli saxlanmasının tərəfdarı olduğunu söyləyib:
“İki gün ərzində yardım fonduna pul köçürəcəyəm. Yəqin ki, bu kampaniyaya qoşulan həmkarlarımın sayı artacaq. İmkanım dairəsində, gücüm nəyə çatırsa, onu da ödəyəcəyəm”.
Aytən Sadıqzadə
www.oxu.az