Abşeron rayonu, Masazır kəndi, "Qurtuluş 93" yaşayış kompleksinin sakinləri redaksiyamıza müraciət ediblər.
Oxu.Az-a danışan sakinlər deyirlər ki, hər il onlara qaz veriləcəyi vəd edilsə də, real addım atılmır, illərdir, qazsız yaşayırlar.
Şikayətçi vətəndaşlar bildirirlər ki, "Yeni Bakı" və "Qurtuluş" eyni layihədir. "Yeni Bakı"ya xeyli müddət əvvəl qaz verilsə də, "Qurtuluş 93" yaşayış kompleksinə verilməyib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirləri səsləndirib:

"Azəriqaz" İstehsalat Birliyi olaraq "Qurtuluş 93" yaşayış kompleksinə qazın verilməsi ilə bağlı heç vaxt vəd verməmişik. Ola bilsin ki, həmin ərazidəki MTK-nın rəhbərliyi vətəndaşlarda bu arxayınlığı yaradıb. Əvvəllər MTK-nın müəyyən hissəsində qazanxanalara qazın verilməsi təmin olunmuşdu. Lakin uzun müddət debitor borc yarandı. MTK rəhbərliyi bu borcu müxtəlif vasitələrlə ödəməməyə çalışdı".
E.Vəliyev əlavə edib ki, sonrakı binaların qazlaşdırılmamasının səbəbi müvafiq sənədlərin təqdim olunmaması və debitor borcun ödənilməməsidir:
"Bu səbəbdən "Azəriqaz" İB-nin həmin MTK-ların qazlaşdırılması ilə bağlı heç bir öhdəliyi yoxdur. Çünki qazlaşdırma ilə bağlı müvafiq sənədlər "ASAN kommunal"a təqdim edilməlidir. Sənədlər qaydasındadırsa, bu zaman prosedur həyata keçirilir. Yəni sakinlər problemi "Azəriqaz"da yox, MTK rəhbərliyində axtarsalar, daha yaxşı olar".
Qeyd edək ki, məsələ ilə bağlı "Qurtuluş 93" yaşayış kompleksi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qalıb.
Məhərrəm Əliyev