AzTV-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu Azər Məmmədovun intiharı ilə bağlı bəzi məlumatlar əldə olunub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, yanvarın əvvəlində İstanbuldan qayıdan Azər dostları ilə Dmanisinin Dunus kəndində yeyib-içdikdən sonra Qardabaniyə gəlib.
Tələbə dostlarını Bakıya yola saldıqdan sonra Azər evə qayıdıb və otağa girib qapıları bağlayaraq özünü öldürüb.
Mərhumun atası Şahismayıl Məmmədov bildirib ki, oğlu 12 səhifəlik məktub yazaraq bildirib ki, bu dünyada yaşamaq istəmir:
“O, belə bir cəmiyyətdə və zəmanədə yaşamaq istəmədiyini və narazılığını bildirib”.
12:00
AzTV-nin Gürcüstan müxbiri Şahismayıl Şəmmədoğlunun oğlu intihar edib.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Publika.az saytı yayıb.
Saytın məlumatına görə, Şahismayıl Şəmmədoğlunun Qardabani rayonunda yaşayan oğlu özünü tapançayla vurub. Onun bundan əvvəl valideynlərinə mesaj yazdığı bildirilir. İntiharın səbəbləri məlum deyil. Hadisə baş verən gün gəncin valideynləri Bakıda olublar. İntihar edən şəxs Türkiyədə təhsil alırmış.
Məsələ ilə bağlı Aznews.az-a açıqlama verən Şahismayıl Şəmmədoğlu oğlunun intiharı ilə bağlı yayılan məlumatı təsdiq edib:
“Bəli, təəssüf ki, belə bir hadisə baş verib. Amma indi bu barədə geniş danışa bilmirəm, sonra danışarıq. Məclisdəyəm, işdi də olub”.
Xatırladaq ki, Şahismayıl Şəmmədoğlu bir neçə il əvvəl Gürcüstan prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.