Təhsil Nazirliyi ötən gün sosial mediada və xəbər saytlarında İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərilməsini əks etdirən görüntülərə reaksiya verib.
Təhsil Nazirliyi baş verən hadisə ilə bağlı bildirir ki, uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib.
Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır.
Qeyd edək ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bədində aşağıdakılar qeyd edilib:
İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
10:24
Ötən gün sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı edilən şiddətin yayılan görüntüləri müzakirələrə səbəb olub.
Hadisə İsmayıllı rayon 1 saylı körpələr evi-uşaq bağçasında baş verib.
Azərbaycanda azyaşlı uşağa qarşı vəhşilik edən “tərbiyəçi”nin adı Zülfiyyə Baxışovadır.
Qeyd edək ki, sözügedən bağçanın müdiri Abdullayeva Qalibə Əli qızıdır.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, şiddət görən uşaq həmin “tərbiyəçi”nin qohumudur. Hadisə 3 gün əvvəl baş verib və həmin şəxsə töhmət verilib. Bu gün səhər saatlarında onun işdən çıxarılması ilə bağlı qərar verilib.
Sosial şəbəkələrdə də qeyd edilib ki, uşağa şiddət göstərən qadın onun valideyninin xalasıdır.
Bu səbəbdən valideyn şikayətçi deyil.
İlhamə Əbülfət
Rəylər