"Hər bir insanın sosial kimliyi doğulduğu ailə ilə sıx bağlıdır".
Oxu.Az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.
O bildirib ki, insanlar müxtəlif dini inanclara malik ailələrdə dünyaya gəlirlər, həmin insanlar o ailələrin mühitində formalaşırlar:
"Hər bir insanın sosial kimliyi də məhz doğulduğu ailə ilə sıx bağlıdır. Bu ailələrdə böyüyən insanlar öz inanc, din, mədəniyyət və ailə dəyərləri ruhunda tərbiyə alırlar.
Bizi insan edən, bu ümumbəşəri dəyərlərlə tanış edən ilk mühit də məhz bu ailə olur. Vətəndaşa çevrilmək, yaşadığımız respublikanın vətəninə bağlı olmaq, onun qanunlarına hörmətlə yanaşmaq və dövlətin siyasətini həyata keçirən qurumların formalaşması da bu yolla baş verir. İnsan ailədə böyüyərək, cəmiyyətin bir üzvünə, vətəndaşa çevrilir.
Tarix göstərir ki, müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri olan xalqlar bütün dünyada eyni prinsiplər üzərində birgə yaşayış qurmağa çalışırlar. Azərbaycanda da bu cür dəyərləri qoruyan mexanizmlər, institutlar mövcuddur. Lakin bizim fərqimiz ondadır ki, Azərbaycan dövləti öz müstəqilliyini, öz sözünü və seçimini qorumağı bacaran bir dövlətdir. Azərbaycan müxtəlif mədəniyyətlərin harmoniyasında unikal nümunədir".
Aygün Mirakif