"Sahib olduğumuz unikal dövlət-din münasibətləri modeli sayəsində bu gün Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst şəkildə ibadət edir, dini icmalar dövlətin qayğısı ilə əhatə olunur".
Oxu.Az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bu gün Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilən "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.
O bildirib ki, ərazi bütövlüyünün və suverenliyin bərpası sayəsində bu gün Azərbaycan öz milli irsini, dini-mədəni müxtəlifliyini və konstitusion dəyərlərini qoruyaraq gələcəyə daha da inamla addımlayır:
"Suverenlik bizim ən ali dəyərlərimizdən, ən böyük tarixi nailiyyətlərimizdən biridir. Suverenlik olmadan konstitusiya prinsiplərinin və qanunların tətbiqi, xalqımızın əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunması mümkün olmazdı.
Biz tarixin keşməkeşli və ziddiyyətli bir dövründə ən böyük zəfərlərə imza atmış güclü bir dövlətin vətəndaşlarıyıq. Elə bir dövlətin ki, dini və etnik mənsubiyyətindən, əqidəsindən inancından asılı olmayaraq bu torpaqlarda yaşayan hər kəsin ümumi sərvətidir. Ölkəmizdə məscid, kilsə və sinaqoqların bir-birindən yalnız bir neçə yüz metr məsafədə yerləşməsi birgəyaşayışı, qarşılıqlı hörməti və multikultural dəyərlərimizi təcəssüm etdirir".
Ramin Məmmədovun sözlərinə görə, "Fərqliliyin rəngi" festivalının mesajı da məhz budur: "Hər fərq bir rəngdir, hər rəng bir dəyərdir, tarixdir və bütün rənglər birləşərək cəmiyyətimizin bənzərsiz gözəlliyini, gücünü ortaya çıxarır".
O əlavə edib ki, bu cür festivallar yalnız dini və mədəni irsimizi qoruyub saxlamaq üçün deyil, həm də gələcək nəsillərə birgəyaşayışın, qarşılıqlı hörmətin və tolerantlığın əhəmiyyətini göstərmək baxımından önəmlidir.
Aygün Mirakif