Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bulvarda skuterdən yıxılıb xəsarət alan qızla bağlı AÇIQLAMA
"Hadisə bu gün saat 15:40-da baş verib".
Bu məlumatı Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva verib.
"Bulvar İdarəsinin əməkdaşları hadisə yerində olublar. Xəsarət alan skuter istifadəçisi üçün idarənin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb".
O qeyd edib ki, bulvar ərazisində skuterlərin istifadəsinə məhdudiyyət insanların intensiv hərəkət etdiyi dənizkənarı zolaqda tətbiq edilib.
"Bu ərazilərdə müvafiq baryerlər və məlumatlandırıcı nişanlar yerləşdirilib. Digər yerlərdə isə skuterlərin sürət həddi 17 km/saat müəyyənləşib.
Dənizkənarı Bulvar İdarəsinin təhlükəsizlik xidmətinin əməkdaşları mütəmadi olaraq, gündəlik əsasda səlahiyyətləri çərçivəsində skuter həvəskarlarını təhlükəsizliyə riayət etməyə dəvət edir, giriş məhdudlaşdırılmış ərazilərdən onları kənarlaşdırırlar. Təəssüf ki, bir sıra hallarda skuter həvəskarlarının təhlükəsizliyə riayət etməmələri, skuterləri sürətlə sürmələri və yaxud onları idarəetmə vərdişlərinin olmaması həm özlərinin, həm də piyadaların xəsarət alması ilə nəticələnir", - deyə Ə.Mehdiyeva bildirib.
Qurumun sözçüsü onu da diqqətə çatdırıb ki, dənizkənarı bulvar ərazisində skuter və velosipedlərdən istifadənin sistemli tənzimlənməsi istiqamətində işlər aparılır.
"Bildiyiniz kimi, bir müddətdir Milli Parkda mikromobillik vasitələri üçün infrastrukturun yaradılması istiqamətində işlər gedir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bulvarda mikromobillik vasitələri üçün zolaqların çəkilməsi işləri artıq yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu zolaqlar istifadəyə verildikdən sonra bulvar ərazisində skuter və velosiped istifadəsi bu zolaqlar çərçivəsində tənzimlənəcək" , - deyə Ə. Mehdiyeva qeyd edib.
20:11
Bu gün Dənizkənarı Milli Parkda bədbəxt hadisə baş verib.
Bu barədə Oxu.Az-a hadisə şahidi məlumat verib.
O qeyd edib ki, Milli Parkda, "Saat qülləsi"nin yanında, elektron skuterdən istifadə edən qız yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
"Xəsarət nəticəsində başından xeyli qan itirib. Hadisə yerinə ətrafdakı vətəndaşların çağırdığı təcili tibbi yardım maşını gəlib. Lakin Dənizkənarı Bulvar İdarəsi nümayəndələrindən heç kəs hadisə yerində görünməyib", - deyə hadisə şahidi qeyd edib.
Əzizə İsmayılova