Bakı metrosunda sərnişinin məsuliyyətsizliyi həyəcana səbəb olub.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin hadisə ilə bağlı Oxu.Az-a verdiyi məlumata görə, səhər saat 08.40 radələrində metronun “Elmlər Akademiyası” stansiyasında sərnişinlərdən biri heç bir səbəb olmadan eskalatorun təcili dayandırma düyməsini basıb.
Nəsimi Paşayevin sözlərinə görə, dərhal hadisə yerinə mütəxəssislər və polis əməkdaşları cəlb olunub. Araşdırmalar aparılıb və eskalatorun heç bir səbəb olmadan dayandırıldığı məlum olub. Eskalator saat 08:44-də təkrar işə salınıb.
Hadisə nəticəsində stansiyada sərnişin sıxlığı yaşanıb.
Hadisə zamanı heç kəs xəsarət almayıb. Lakin sərnişinlər narahatlıq keçirib.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri bildirib ki, eskalator dayanan kimi ehtiyatda olan eskalator müvəqqəti olaraq istifadəyə verilib.
“Gərək hər kəs etdiyi əməlin nəticəsini dərk etsin. Biz eskalatoru dayanan kimi işə sala bilmərik. Onun hansı səbəbdən dayandırıldığı yoxlanmalıdır. Bu isə vaxt aparır. Buna qədər sərnişinlər əziyyət çəkir. Ona görə də xahiş olunur ki, Metropolitendə hansısa əməliyyatı yerinə yetirərkən son dərəcə diqqətli olun. Çünki məsuliyyətsiz hərəkət çoxsaylı insanın əziyyət çəkməsinə səbəb ola bilər”.
Elvin Əhmədov
www.oxu.az