Bakının Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları mayın 2-də Mercedes-Benz şirkətinin Azərbaycandakı Baş distribüterinin nümayəndəsinin oğulluğunu qətlə yetirməkdə şübhəli bilinən şəxsi həbs ediblər.
Bu barədə Vesti.Az-a Nərimanov Rayon Polis İdarəsindən məlumat veriblər.
Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf mayın 2-də, günorta saatlarında Əhməd Rəcəbli küçəsində, № 3d evin qarşısında qətlə yetirilmişdi. Qatil 21 yaşlı oğlana başından, boynundan və sinəsindən olmaqla, üç bıçaq zərbəsi endirmişdi. Qanı axan gənc insan yaxınlıqdakı kafeyə qaçıb girsə də, burada dünyasını dəyişmişdi.
Şilder Vüsal Qazaxıstanın Petropavlovsk şəhərində doğulub və Mercedes-Benz-in Azərbaycandakı Baş distribüteri AutoStar Kaukasus şirkətinin nümayəndəsi tərəfindən oğulluğa götürülüb. Vüsal Şilder ögey atası ilə birlikdə Binəqədi rayonunda yaşayıb və Qərb universitetində təhsil alıb. Bundan başqa, o, atalığının avtoservisində işləyib.
Polisin həbs etdiyi isə əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü Şabran rayon sakini İsgəndərov Elman Seyidağa oğludur. İlkin məlumatlara görə, qətl qız üstündə törədilib. Şilder həminr ayonda qız ilə birlikdə olub və bu zaman İsgəndərov onların ünvanına təhqiramiz ifadələr işlədib. Tərbiyəsiz yoldan ötənin bu hərəkəti Şilderi qəzəbləndirib. Gənc insanlar sözləşiblər, lakin bu mübahisə davaya keçməyə macal tapmayıb. Əvvəllər məhkum olunmuş İsgəndərov cibindən çıxardığı bıçaqla Şilderi qızın gözləri qarşısında doğrayıb.
Faktla bağlı istintaq davam edir.
www.vesti.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin