Hacıqabulda baş verən ağır yol-nəqliyyat hadisəsinin şahidləri Baku TV-yə açıqlama veriblər.
"Zaqataladan Bakı istiqamətinə gedirdik. Birdən bir səs eşitdik və avtobusun nəyəsə çırpıldığını hiss etdik. Sonra gördük ki, aşırıq. Yalnız onu xatırlayıram ki, avtobusun içində diyirlənirdik. Allaha şükür, ölən yoxdur. Bacardığımız qədər yaralılara kömək etdik və onları avtobusdan çıxardıq", - deyə zərərçəkənlərdən biri bildirib.
Avtobusun sürücüsü isə hadisənin necə baş verdiyini belə izah edib:
"Restorandan çıxıb yola davam edirdim. Gün təzə-təzə işıqlanırdı. Günəş gözümə düşdü və hadisənin necə baş verdiyini anlamadım. Bəlkə yorğunluqdan, bəlkə də başqa səbəbdən idi. Birdən gördüm ki, avtobusu idarə edə bilmirəm və yoldan çıxıram. Avtobus 51 yerlikdir, lakin tam dolu deyildi. Təxminən 30-35 sərnişin var idi. Hadisədən əvvəl hər şey normal idi. Səfərə çıxmazdan əvvəl yatıb dincəlmişdim".
Bakı-Qazax yolunda sərnişin avtobusunun aşmasına səbəb onun qarşısına heyvanın çıxması olub.
Bu barədə Oxu.Az-a açıqlamasında avtobusun məxsus olduğu daşıyıcı şirkətin rəhbəri Pərviz Davudov məlumat verib.
O bildirib ki, avtobus reysdən öncə texniki və tibbi baxışdan keçib:
"Avtobus 2026-cı il istehsalıdır. Nəqliyyat vasitəsinin sərnişin tutumu 51 nəfərdir, qəza zamanı isə içəridə 38 sərnişin olub. Sürücü hər hansı yorğunluq vəziyyətində olmayıb".
Qeyd edilib ki, xəsarət alanlara şirkət tərəfindən dəstək göstərilir.
Şükufə Süleymanlı
Hacıqabul rayonunun Muğan kəndi ərazisində sərnişin avtobusunun aşması nəticəsində xəsarət alan 28 nəfər (12 kişi, 7 qadın, 9 azyaşlı) iyulun 12-də, saat 06 radələrindən başlayaraq Hacıqabul və Şirvan Şəhər Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım şöbələrinə yerləşdiriliblər.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, xəsarət alan şəxslərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub və onlara zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Əzizə İsmayılova
İyulun 12-də, saat 05:15-də Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Elvin Hacıyevin Oxu.Az-a verdiyi məlumata görə, Ramil Bilal oğlu Albışovun idarə etdiyi "Yutong" markalı, 77-JY-406 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu yolun sol kənarındakı beton səddə çırpılıb. Daha sonra sürücü idarəetməni itirib və avtobus aşıb.
Hadisə nəticəsində iki nəfər - Səbinə Paşa qızı Osmanova və Ayxan Yusif oğlu Qurbanzadə xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.
Əzizə İsmayılova
Hacıqabul rayonunda sərnişin avtobusunun aşması nəticəsində xəsarət alanlar var.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.