Şəhərdə nə qədər az yaşıllıq və nə qədər çox maşın olarsa ekoloji vəziyyət də bir o qədər pis olacaq. Bakıda yaşıllıq çox azdır, maşınların sayı isə milyonu ötüb, təbii ki, vəziyyət heç də ürəkaçan deyil. Şəhər dəhşətli çirklənməyə məruz qalır.
Bütün bunlar insan sağlamlığına mənfi təsir edir, insanlar daha çox zökəm, xərçəng xəstəliklərinə tutulurlar. Hər şey isə atmosferin çirklənməsindən irəli gəlir. Səhiyyə Nazirliyi hər ay insanların hansı xəstəliklərdən şikayət etdikləri barədə hesabat hazırlasalar yaxşı olar.
Oxu.Az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə Ekoloji proqnozlaşdırma üzrə mərkəzin rəhbəri Telman Zeynalov deyib.
Onun sözlərinə görə, Qəbələ, Quba, Şamaxıda ətraf mühitlə vəziyyət daha yaxşıdır, çünki orada yaşıllıqlar paytaxta nisbətən daha çoxdur, müvafiq olaraq ekologiya da orda daha təmizdir.
Öz növbəsində Azərbaycanın “Yaşıl hərəkat”ının sədri Fəridə Hüseynovanın “Exo” qəzetinə dediyinə görə, Bakının ekoloji cəhətdən ən təmiz rayonları Yeni Yasamal və Yasamal, 9-cu mikrorayon, Günəşli və Yeni Günəşlidir.
Onun sözlərinə görə, şəhərdə şimal küləyinin üstünlüyü səbəbindən şimal tərəfdə yerləşən rayonlar daha təmizdirlər. Məsələn, Yeni Yasamalda, Yasamalda, 9-cu mikrorayonda zavodlar, sənaye müəssisələri yoxdu, şimal küləyi isə havanı təmizləyir. Günəşli və Yeni Günəşlini də təmiz rayonlardan hesab etmək olar, baxmayaraq ki, burada bir neçə zavod var, çünki şimal küləyi havanı təmizləyir.
Mərkəzi Səbail rayonunda isə vəziyyət nəqliyyatın intensivliyinə görə dəyişir. Yeganə xilaskar külək və karbon qazını udan yaşıllıqlardır.