Bakıda növbəti dəfə ağac kəsilməsinə cəhd edilib. Ancaq bu dəfə işbazların arzusu ürəyində qalıb.
Paytaxtın Nizami rayonu Qara Qarayev prospekti 32A ünvanında yaşayan sakinlər Oxu.Az-a müraciət edərək, evlərinin yaxınlığındakı ağaclığın hasara alındığını və ağacların kəsilmə təhlükəsi ilə üz-üzə qaldığını bildiriblər.
Oxu.Az olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ünvanladıq.
Nazirlik əməkdaşları dərhal araşdırmalara başlayıb. Sözügedən ərazidə 18 ədəd ağac və kol bitkisi olan 0,14 hektar sahənin Bakı Şəhər İcra Hakimiyyətinin 18.07.2017-ci il tarixli 314 saylı sərəncamına əsasən, mövcud qeyri-yaşayış obyektinin genişləndirilməsi üçün icarə əsasında sahibkara ayrıldığı müəyyən edilib:
“Hasara alınmış sahədə ağac kəsintisi faktı qeydə alınmayıb. Ağacların mühafizə edilməsi məqsədilə beş şam, iki tut, iki ayland ağacının, dörd liqustr və beş ədəd dekorativ kolun qeydiyyatı aparılaraq, sahibkara təhvil verilib. Ərazidəki hasarın sökülməsi təmin edilib.
Yaşıllıqların qorunması istiqamətində göstərdikləri həssas münasibətə və ETSN ilə əməkdaşlığa görə Nazirlik ictimaiyyət nümayəndələrinə təşəkkürünü bildirir”.
Samir İsayev