Dövlət Sərhəd Xidməti (DSX) Akademiya Kompleksində yanğın olub.
Oxu.Az xəbər verir ki, DSX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 17:00 radələrində DSX Akademiya Kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 kvadrat metr sahəsində yanğın baş verib. Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlayıblar.
Hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədi ilə təmir işlərinə başlanılıb.
18:07
Bu gün Sərhəd Akademiyasında yanğın baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Həzi Aslanov metrostansiyası yaxınlığında yerləşən Sərhəd Akademiyasının binasında yanğın olub və ətrafı qatı tüstü bürüyüb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın elə də böyük olmayıb və söndürülüb.