Almaniya vətəndaşı 21 yaşlı Şilder Vüsal Adolf sevgi macərasının qurbanı olub.
Bu barədə Vesti.Az-a Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.
Xatırladaq ki, Almaniya vətəndaşı, 1992-ci il təvəllüdlü Şilder Vüsal Adolf mayın 2-də, günorta saatlarında Əhməd Rəcəbli küçəsində, № 3d evin qarşısında qətlə yetirilmişdi. Qatil 21 yaşlı oğlana başından, boynundan və sinəsindən olmaqla, üç bıçaq zərbəsi endirmişdi. Qanı axan gənc insan yaxınlıqdakı kafeyə qaçıb girsə də, burada dünyasını dəyişmişdi. O, Qərb universitetində ikinci qursda təhsil alırmış.
Mayın 4-də faktla əlaqədar əvvəllər xuliqanlıq niyyəti ilə digər şəxslərə bıçaqla xəsarət yetirməklə törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunmuş 1981-ci il təvəllüdlü Elman İsgəndərov saxlanılıb. Dünən Baş Prokurorluğun yaydığı məlumata görə, İsgəndərov Şilderi qohumu Seymur Talıbov və digər şəxslərin sifarişi əsasında öldürüb.
Hadisə yerinə baxış zamanı oradan cinayəti törədən zaman E.İsgəndərovun əynində olmuş başlıqlı idman köynəyi, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı cinayətin aləti olan bıçaq tapılaraq maddi sübut kimi götürülüb.
E. İsgəndərov iş üzrə Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polisdən Vesti.Az-a bildiriblər ki, istintaqın versiyalarından birinə görə, 21 yaşlı gənc Vüsal özündən bir neçə yaş böyük olan ərli qadınla sevgi macərasına görə öldürülüb.
Bildirilir ki, qadının əri onun xəyanət etdiyini öyrənib, əvvəlcə bu əməldən uzaqlaşmağı tələb edib. Lakin sözlərinin nəticə vermədiyini görən kişi sifarişli qətl törətmək qərarına gəlib. Bu işi isə elə təqdim ediblər ki, guya İsgəndərov küçədə təsadüfən qızla birlikdə olan Vüsalla toqquşub.
Hazırda polis bu versiyanı yoxlayır və əgər o təsdiqlənərsə, o zaman sifarişçi həbs olunaraq məsuliyyətə cəlb ediləcək.
O da məlum olub ki, cinayət axtarışının əməliyyatçıları artıq Abşeron rayon sakini Seymur Talıbovun axtarışına başlayıblar. Sonuncu istintaqdan gizlənir.
Öz növbəsində Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov yuxarıda təqdim olunmuş veriyanı təkzib etməyib. O bildirib ki, tezliklə cinayət işinin təfərrüatları haqqında ikinci informasiya yayılacaq.
www.vesti.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin