Oxu.Az-ın redaksiyasına oxucu Quliyeva Lianadan məktub daxil olub.
Qadın şikayət edir ki, keçmiş əri boşandıqdan sonra onların ümumi uşaqlarını oğurlayıb.
Qadın başına gələnləri bizə danışıb və kömək istəyib.
“Ötən il mən ərim və iki övladımın atası – Quliyev Böyükağa ilə boşandım. Bir neçə məhkəmə instansiyasının qərarı ilə uşaqlar mənimlə qaldılar. Lakin keçmiş ərim söz verdi ki, bunu belə qoymayacaq. Və qoymadı da”, - deyə, ana danışır.
Onun sözlərinə görə, ötən bazar ertəsi, 2015-ci il aprelin 13-də iki azyaşlı övladını – 7 yaşlı İslam və 10 yaşlı Cəmiləni məktəbə gətirib.
Yarım saatdan sonra isə məktəbdən ona zəng edərək, uşaqların nə üçün dərsə gəlmədiyini soruşublar. Dəhşətə gələn qadın dərhal 102 xidmətinə zəng edərək, uşaqların itdiyini bildirib.
“Üç gün ərzində polislər Quliyev Böyükağanı ifadə vermək üçün bölməyə dəvət ediblər. Bundan başqa, uşaqların yerini müəyyənləşdirmək üçün heç bir tədbir görülməyib”, - deyə, L.Quliyeva deyir.
Onun sözlərinə görə, üçüncü gün kişi polisə gələrək, ərizə yazıb və uşaqların onda olduğunu bildirib.
“Sübut kimi ataları uşaqların nə vaxt çəkildiyi bilinməyən fotosunu təqdim edib. Polis əməkdaşları bu izahat əsasında itmiş uşaqların axtarışını dayandırıb və mənə bildiriblər ki, İslam və Cəmilə ataları ilə təhlükəsizlikdədirlər”, - deyə, qadın danışır.
Ana uşaqlarla telefonla da danışa bilməyib, baxmayaraq ki, qanunvericilik, həmçinin Yasamal rayon məhkəməsinin qərarı ilə o, uşaqların rəsmi qəyyumudur.
“İndiyədək (uşaqların itdiyi vaxtdan isə dörd gün ötür) mənə nə onların yeri, nə sağlamlıq vəziyyətləri barədə heç nə məlum deyil. İslam və Cəmilə o gündən məktəbə getməyiblər. Cəmilənin mobil telefonu sönüb, keçmiş ərim isə zəngə cavab verəndə uşaqları qəti şəkildə qaytarmayacağını deyir, onları telefona çağırmayaraq, uşaqlarla hər şeyin yaxşı olduğunu, bundan sonra onunla yaşayacaqlarını söyləyir”, - deyə, ana bildirib.
Liana isə uşaqları qaytarmaq üçün nə etməli və hara müraciət etməli olduğunu bilmir.
Biz qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
