Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində qəzalı vəziyyətdə olan bir neçə bina sökülə bilər.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, qəsəbədə yerləşən A.Zeynallı küçəsi, 35 ünvanındakı 1A saylı, A.Zeynallı küçəsi, 37 ünvanındakı 2A və 4A saylı, M.S.Ordubadi küçəsi, 15 ünvanındakı 3 saylı binaların sökülməsi nəzərdən keçirilir.
Məlumata əsasən, sözügedən binaların qəzalı vəziyyətdə olması onların gələcəkdə söküntü proqramına daxil edilməsini gündəmə gətirib. Söküntünün həyata keçirilməsi halında həmin binalarda yaşayan sakinlərin mənzillərinin taleyi və onların hansı formada təmin olunacağı da ayrıca müəyyənləşdirilməli olacaq.
Qeyd edək ki, əvvəlki illərdə kvadratmetr üçün təxminən 1500 manat səviyyəsində olan ödənişlər hazırda Bakı üzrə orta hesabla 2700 manat civarındadır. Lakin bu rəqəm bütün ərazilər üçün eyni deyil.
Qeyd edilən ünvanlardakı binaların sökülüb-sökülməyəcəyi ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ərazi üzrə müvafiq investisiya təklifləri daxil olduğu və investorlar tərəfindən maraq göstərildiyi təqdirdə məsələyə baxıla bilər:
"Hazırda isə həmin ərazidə dövlət tərəfindən söküntü işlərinin aparılması nəzərdə tutulmur".